Britaniyalı aktrisa Liza Rayli ABŞ-yə giriş icazəsi almaq istəyərkən dələduzların qurbanı olub. O, rəsmi sayta çox bənzəyən saxta səhifəyə daxil olaraq şəxsi və bank məlumatlarını fırıldaqçılara verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa ABŞ-nin vizasız giriş proqramında iştirak edən ölkələrin vətəndaşları üçün nəzərdə tutulan ESTA elektron səyahət icazəsini almağa çalışıb. Axtarış sistemi vasitəsilə tapdığı saytda şübhəli heç nə görməyən Rayli müraciət formasını doldurub.
O, pasport nömrəsini, anasının qızlıq soyadını və ödəniş üçün bank məlumatlarını daxil edib. Lakin müraciətlə bağlı təsdiq gəlmədikdə saxta sayta düşmüş ola biləcəyini anlayıb.
“Bu prosesi dəfələrlə keçmişdim. Ona görə əvvəlcə heç nə məndə şübhə yaratmadı. Məni ən çox qorxudan da budur. Sayt rəsmi görünürdü və hər şeyi düzgün etdiyimə inanırdım”, – aktrisa bildirib.
Rayli indi həmin məlumatlardan istifadə edilərək yenidən aldadılacağından narahatdır. Onun sözlərinə görə, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatlarını sadalamaqla etibarını qazanmağa çalışa bilərlər.
Aktrisa səyahətçilərə müraciət zamanı saytın ünvanını diqqətlə yoxlamağı tövsiyə edib. O, ESTA üçün rəsmi ünvanı birbaşa brauzerə yazmağa çağırıb.
Rayli gözlənilməz zənglərə, mesajlara və elektron məktublara qarşı da diqqətli olmağın vacibliyini vurğulayıb.
“Dayanın və tələsməyin. Bunun dələduzluq ola biləcəyini düşünün. Şübhələrinizi görməzdən gəlməyin”, – o bildirib.