Elektrik enerjisinin qiymətinin artması insanları evdə hansı cihazların daha çox enerji sərf etdiyinə diqqət yetirməyə məcbur edir. Mütəxəssislər bildirirlər ki, bəzi məişət cihazları gözlənildiyindən xeyli çox elektrik istifadə edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, elektrik çaydanı, soyuducu, soba və paltaryuyan maşın evdə daha çox enerji sərf edən cihazlar sırasındadır. Aşağıdakı rəqəmlərin təxmini olduğu qeyd edilir.
Elektrik çaydanı gündə orta hesabla 0,6 kVt/saat enerji sərf edə bilər. Bu isə il ərzində nəzərəçarpacaq xərc yaradır. Soyuducu isə fasiləsiz işlədiyi üçün ümumi enerji sərfiyyatında mühüm paya malikdir. Orta hesabla gündə 0,75 kVt/saat elektrik istifadə edə bilər.
Paltaryuyan maşın gücündən və seçilən proqramdan asılı olaraq bir yuma dövründə təxminən 0,6-1 kVt/saat enerji sərf edir. Lakin ən çox diqqət çəkən cihaz elektrik sobasıdır. Mütəxəssislərin sözlərinə görə, soba işlədiyi anda eyni vaxtda onlarla soyuducunun istifadə etdiyi qədər güc tələb edə bilər. Məsələn, 2500 vatt gücündə olan soba hər gün yarım saat işlədilərsə, il ərzində təxminən 456 kVt/saat elektrik enerjisi sərf edə bilər.
Mətbəxdə yüksək enerji sərf edən digər cihazlardan biri də induksiya plitəsidir. Təxminən 1200 vatt gücündə olan belə plitənin gündəlik istifadəsi də illik elektrik xərclərini əhəmiyyətli dərəcədə artıra bilər.
Ekspertlər qeyd edirlər ki, məişət cihazlarının enerji sərfiyyatı onların modelindən, enerji səmərəliliyi sinfindən, istifadə müddətindən və gündəlik işləmə vaxtından asılı olaraq dəyişir. Bu səbəbdən elektrik xərclərini azaltmaq istəyənlərə cihazlardan ehtiyac olmadığı halda istifadə etməmək, enerji səmərəli modellərə üstünlük vermək və xüsusilə soba kimi yüksək güclü texnikanın işləmə müddətinə nəzarət etmək tövsiyə olunur.