Tanınmış ürək həkimi Firdovsi İbrahimov haqqında yazılanlara münasibət bildirib.
Lent.az xəbər verir ki, o, sosial media hesabında belə qeyd edib:
"Çox dəyərli həmvətənlərim. Sosial mediada yayılan məlumat haqda gerçəyi bilmənizi istədim.
Haqqında söhbət gedən, xəstəmiz səhər saat 6 radələrində ağır ürək çatışmazlığı ilə hemodinamik qeyri-stabil, kardiyogen şok vəziyyətində (qanda oksigen saturasiyası 70%, təzyiq -80/50mmHg, nəbz-133) Mərkəzi Klinikanın Təcili tibbi yardım şöbəsinə gətirilib. Xəstə ağciyər ödəmində idi. Xəstə 60 yaşındadır. Yaxınlarına xəstənin vəziyyətinin ağırlığı barədə məlumat verilib və vəziyyətini stabilləşdirmək məqsədi ilə kardioreanimasyon təqibə alınmalı olduğu bildirilib.
Məlum olduğu kimi, Mərkəzi Klinika təsərrüfat hesablı bir müəssisədir, burada tibbi xidmətlər əsasən ödənişli olaraq həyata keçirilir. Klinikamızdakı bəzi xidmətlər icbari tibbi sığorta çərçivəsində həyata keçirilsə də, `Xidmətlər zərfinə` daxil olmayan tibbi xidmətlər göstərildiyi hallarda ödəniş edilir. Bu barədə xəstə yaxınına öncədən qəbul şöbəsi tərəfindən məlumat verilib və razılıqları alınıb. Ödəmə və xidməti qəbul etmələri haqda razılıq sənədləri də imzalanıb.
Xəstə kardioreanimasiya şöbəsinə yerləşdirildikdən sonra, onun vəziyyəti nəzərə alınaraq xəstə yaxınlarının ödəniş etməsi gözlənilmədən dərhal protokola uyğun müalicə başlanılıb. Bu müddət ərzində xəstənin oğlu qeydiyyat şöbəsində müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınıb. Lakin buna baxmayaraq, öz rəhbərliyimlə xəstənin tam mualicəsini uğurlu şəkildə apardıq. Xəstənin vəziyyəti nisbətən stabilləşdikdən sonra Angiyoqrafiya laboratoriyasına köçürüldü. Xəstənin hər üç damarlarında darlıqlar aşkar edildi və ana damarın kritik olması səbəbindən açıq ürək əməliyyatı zəruri idi. Lakin xəstənin ümumi vəziyyəti buna imkan vermədiyi üçün cərrahiyənin çox risqli olması və əməliyyatın isə bir neçə gün sonra mümkün ola biləcəyi müəyyən edildi. Göründüyü kimi xəstənin həyatı təhlükədə idi, gözləmək isə xəstənin itirilməsi ilə nəticələnə bilərdi. Bu halda Mərkəzimizdə olan yüksək texnoloji imkanlarla ən müasir metodlar əsasında və peşəkar komandamız ilə xəstəni cərrahi əməliyyat etmədən, invaziv müdaxilə ilə kritik vəziyyətdən çıxarmaq qərarı verdik.
Bu səbəbdən özüm və komandam yüksək məsuliyyət hissi ilə bir ananı xilas etmək üçün səfərbər olduq. Damarını yüksək texnoloji ləvazimatlardan istifadə etməklə açdıq və bundan sonra xəstə klinik olaraq stabilləşdi (Bu tibbi sərv və ləvazimatlar hamsısı Amerika və Yaponiyada istehsal olunan və çox bahalı ləvazımatlardır).
Xəstənin kritik vəziyyətdən çıxdığını görən xəstə yaxını (oğlu) bir növ arxayıncasına, bütün mənəvi dəyər və normaları tapdalayaraq, göstərilən tibbi xidmətin ödənişindən yayınmaq üçün, bir az öncə onun anasına `ikinci həyat` bəxş edən və gərgin əmək sərf edən bir peşəkar komandaya qarşı hörmətsizlik nümayiş etdirib və təhqiramiz ifadələr işlədib. Xəstənin özü, anamız isə xəstəxanadan evə yazılarkən komandamıza öz təşəkkürünü bildirib.
Mən xəstənin oğlu ilə bir dəfə qarşılaşdım. O özünü işğaldan azad olunmuş ərazilərimizdən olduğunu bildirdi. Mən isə əgər müharibə iştirakçısıdırsa xəstəxanada bu qrup şəxslərə ciddi güzəşt tətbiq olunduğunu bildirdim. Lakin, o, yaşının uyğunluğuna baxmayaraq, Vətən müharibəsində iştirak etmədiyini bildirdi.
Qeyd edim ki, bu müddət ərzində ağır xəstənin kardioreanimasyon yatışı, müalicəsi üçün xəstə yaxınları heç bir ödəniş etməyib. Bütün edilən qarayaxmalara, təhqirəmiz ifadələrə baxmayaraq biz öz işimizi vicdanla görmüşük və xəstənin vəziyyəti stabilləşdikdən sonra müalicə təyin edərək evə yola salmışıq.
Dəyərli yoldaşlar, əziz bəzi media mənsubları həkimlərə qarşı əsassız, heç bir açıqlmaya dayanılmadan,qarşı tərəf dinlənilmədən edilən bu cür qarayaxmalar nəticəsində bu gün ölkədə artıq həkim sayı ciddi azalmaqdadır. Bu kimi hallar səbəbindən sözügedən xəstədə olduğu kimi, bir çox klinikalar ağır xəstələri qəbul etməkdən imtina edir, bu gün ölkəmizdə əksər həkimlər adından deyə bilərəm ki, ciddi etimad problemi yaşanılır.
Hər kəsi öz adımdan ölkənin savadlı, istedadlı, peşəkar mütəxəssis və gənclərinə, işini vicdanla görən hər bir vətəndaşına qarşı aparılmış bu cür qarayaxma hallarına qarşı birlik olmağa və bu cür əsassız ittihamlara inanmamağa çağırıram.
Bu cür xoşagəlməz davranışlar məyusluq yaradaraq işimizi çətinə salsa da ölkə də bizimdir, Vətəndə bizimdir. Sonda isə dahi Nizami Gəncəvinin sözlərinə istinadən demək istə ki, dəyərli yoldaşlarım: Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!"