Lənkəranda yük maşını elektrik dirəklərinə  çırpılıb kanala aşdı
05 oktyabr 2026 22:21 (UTC +04:00)

Lənkəranda yük maşını elektrik dirəklərinə çırpılıb kanala aşdı

0

 

Lənkəranda idarəetmədən çıxan yük avtomobili elektrik dirəklərinə çırpıldıqdan sonra kanala aşıb.

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran–Boradigah–Masallı yolunun Lənkəran rayonunun Cil kəndindən keçən hissəsində baş verib.

Cəlilabad rayon sakini Şirin Mirzəyevin idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəqliyyat vasitəsi əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.

Qəza nəticəsində Cil kəndi və Şağlaser kəndinin bir hissəsi elektrik enerjisiz qalıb.

Avtomobilin kanaldan çıxarılması üçün Lənkəran–Boradigah magistral yolunda hərəkət bir müddət məhdudlaşdırılıb. Nəticədə yolda tıxac yaranıb.

İlkin məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub. Hadisə zamanı sürücü xəsarət almayıb, avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.



İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar