Bakının Nəsimi rayonunda moped sürücüləri ilə bağlı reyd keçirilib.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları xüsusən kuryer xidməti ilə məşğul olan moped sürücüləri ilə bağlı nəzarət-profilaktiki tədbir keçirilib:
“Tədbir çərçivəsində bir sıra yol hərəkəti ilə bağlı qayda pozuntuları aşkarlandı. Hətta 2 sürücü sərxoş olduğu üçün barələrində inzibati tədbir görülüb. Moped sürücüləri ilə profilaktiki söhbətlər aparılıb, onlara hüquq və vəzifələrindən bəhs edən bukletlər paylanılıb”.
Polis mayoru həmçinin Daxili İşlər Nazirliyinin moped sürücüləri ilə bağlı normativ hüquqi bazaya edilən dəyişikliklərlə əlaqədar verdiyi təkliflərin müsbət qiymətləndirildiyini dilə gətirib:
“Yaxın zamanlarda moped sürücülərinin də hüquqları dərinləşdiriləcək və məsuliyyətləri artırılacaq. Yeni qaydalara əsasən, moped sürücülərindən də sürücülük vəsiqəsi tələb olunacaq. Həmçinin mopedlər də dövlət qeydiyyatına alınacaqlar. Bu da hüquqların dərinləşməsinə və bu nəqliyyat vasitəsindən kortəbii istfadə hallarının azalmasına gətirib çıxaracaq”.