Kiyev Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlandırılması üçün fəal dialoqa başlayacaq
Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, qərar Rusiya Federasiyası və digər MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin itirilmiş istiqamətlərinin və istehsal həcminin bərpası üçün kompleks tədbirlərin daha dəqiq öyrənilməsi və işlənməsi məqsədilə qəbul olunub: “Dövlətin iqtisadi potensialının qorunması və möhkəmləndirilməsi məqsədilə Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoq bərpa edilməlidir”.
Bundan başqa, daxili bazarın Ukrayna və Avropa Birliyi ölkələri arasında paritet münasibətləri təmin edəcək səviyyədə formalaşdırılması da qərarın məqsədlərindən biridir.
Baş nazir Nikolay Azarov Xarici İşlər Nazirliyi, İqtisad İnkişaf Nazirliyi və Sənaye Siyasəti Nazirliyinə tapşırıb ki, Rusiya və AB-yə bu məsələlərin işlənməsi üçün üçtərəfli komissiya yaradılmasını təklif etsinlər. Eyni zamanda adı çəkilən nazirliklərə ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi üçün MDB və Gömrük İttifaqı ölkələri ilə dialoqu bərpa etmək də həvalə olunub.
Xatırladaq ki, AB assosiasiya sazişinin əsas şərti kimi sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən buraxılaraq xaricdə müalicəyə göndərilməsini tələb edirdi. Ukrayna rəhbərliyi əvvəlcə bu şərtə etiraz etməsə də, sonradan fikrindən daşınıb və Y. Timoşenko haqqında parlamentdə hazırlanan qanun layihələri hakimiyyətdəki Regionlar Partiyası və onun müttəfiqlərinin səsləri ilə rədd edilib.