Keçən ay 83 yaşını qeyd edən məşhur amerikalı milyarder Corc Soros üçüncü dəfə evlənir.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, dünən axşam başlayan, bir çox məşhur siyasətçilər və biznesmenlərin dəvət edildiyi toy mərasimi 3 gün davam edəcək.
Corc Sorosun üçüncü dəfə evləndiyi xanım isə “Forbes” jurnalı tərəfindən sərvəti 20 milyard dollar civarında dəyərləndirilən 42 yaşlı Tamiko Boltondur. Corc Soros və Tamiko Bolton 2008-ci ildə tanış olub, keçən ilin avqustunda nişanlanıblar. Mərasim dünən axşam Manhetten Müasir İncəsənət Muzeyində başlayıb. Təntənəli şam yeməyindən sonra qonaqlar belçikalı rəssam-sürrealist Rene Maqrittanın əsərlərindən ibarət sərgiyə baxmağa dəvət ediliblər. Bu gün ailə quran milyarderlər Bedford şəhərində Corc Sorosa məxsus villada bir-birlərinə sədaqət andı içəcəklər. Mərasimdə yalnız Corc Soros və Tamiko Boltonun qohumları, Corc Sorosun beş övladı iştirak edəcək. Bu gün axşam isə Katona şəhərində 500 qonağın iştirakı ilə mərasim olacaq. Tədbirə Dünya Bankının prezidenti Cim En Kim, Estoniya prezidenti Toomas Hendrik İlves, Liberiya prezidenti Ellen Conson-Serlif, Albaniya baş naziri Edi Rama, o cümlədən məşhur maliyyəçilər və siyasətçilərin dəvət edildiyi məlumdur. Mərasimdə Corc Sorosun dostu, məşhur dirijor İvan Fişerin rəhbərlik etdiyi Budapeşt Festival Orkestri iştirak edəcək. Cütlük mərasimdə məşhur livanlı dizayner Rima Akrın hazırladığı geyimdə olacaq.
Bazar günü Corc Soros və Tamiko Bolton bayram naharı təşkil edəcək. Tədbirdə məşhur müğənni Kabo-Verde Mayra Andrade və “Via Romen” qaraçı ansamblı iştirak edəcək. Corc Soros və Tamiko Bolton xahiş ediblər ki, qonaqlar toy hədiyyəsi əvəzinə xeyriyyə təşkilatlarının hesabına vəsait köçürsünlər.