Bu gecə Şimali Koreya hərbçiləri Yapon dənizində Rusiyaya məxsus olan və Cənubi Koreyaya səfər edən “Altay” gəmisini avtomat silahlardan atəşə tutublar.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölən və yaralanan yoxdur, gəmiyə də ciddi ziyan dəyməyib.
Primorsk vilayətindəki Zarubino limanından çıxan gəmi gecə saat 1:30 radələrində radio və vizual formada hər hansı xəbərdarlıq edilmədən Şimali Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidən atəşə tutulub. “Altay” gəmisi hərəkətini dayandırıb, 10 dəqiqə sonra Şimali Koreya hərbçiləri “Altay” gəmisinin göyərtəsinə qalxaraq yoxlama aparmağa başlayıblar. “Altay” gəmisinin kapitanını sorğu-suala tutan hərbçilər 10 dəqiqə sonra gəmini tərk edib, kapitana öncədən nəzərdə tutulmuş istiqamət üzrə hərəkət etməyə icazə veriblər. Rusiya Şimali Koreya hərbçilərinin bu hərəkətini gəmiçiliklə bağlı beynəlxalq qanunların kobud şəkildə pozulması kimi qiymətləndirib.