”Rusiya paytaxtında yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan gələn miqrantlara hücum edib. Hadisə paytaxtın Brulyova rayonunda baş verib. Hazıarda Moskvada gərginlik hökm sürür. Xüsusilə də, hadisənin baş verdiyi Brulyovo rayonunda”. Bu barədə Lent.az-a Moskvada yaşayan həmyerlimiz, jurnalist Tünzalə Vəliqızı bildirib. Tünzalə xanımın dediyinə görə, o, özü də adıçəkilən rayonda vəziyyət ağır olmaqda qalır: “Mən də dünən hadisə yerində idim və baş verən hadisənin şahidi oldum. Artıq OMON, polis qüvvələri şəhərdə nəzarət tədbirləri həyata keçirirlər”.
T. Vəliqızının sözlərinə görə, hadisə ilə bağlı Federal Miqrasiya Xidməti xəbərdarlıq edib: “Federal Xidmətin xəbərdarlığında qeyd olunur ki, insanlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Bundan başqa, istər Miqrasiya Xidməti, istərsə də Daxili İşlər Nazirliyinin nümayəndələri açıqlama verərək bildiriblər ki, baş vermiş hadisə cinayət faktıdır və bunu milli münaqişə zəmində baş vermiş hadisə adlandırmaq doğru deyil”.
Rusiyada yaşan həmyerlimiz onu da vurğulayıb ki, ruslar ölkələrində baş verən cinayətlərin səbəbkarı kimi əcnəbiləri, xüsusən də qafqazlıları göstərirlər. “Onu da bildirim ki, bu cür hadisələr Moskvada daima baş verir, yəni birinci dəfə baş verən olay deyil”.
Tverdə çalışan həmeyrlmiz Surxay Əliyevin Lent.az-a verdiyi məlumata görə, bu şəhərdə də azərbaycanlılar çalışdıqları obyektlərdə işə çıxmayıblar. «Hamı qorxu içindədir, hamı qəfil hücumlardan ehtiaytlanır» deyə o bildirib.
Rusiyanın “şimal paytaxtı” Peterburqdakı soydaşlarımızın Lent.az-a verdiyi məlumata görə, azərbaycanlılar şəhərin kənarındakı bazarlarda və digər obyektlərdə fəaliyyət göstərməyə ehtiyat edirlər: “Soydaşlarımız yalnız şəhərin mərkəzi hissəsində olan bazar və digər obyektlərdə işə çıxıblar. Şəhərdən kənarda azərbaycanlıların çalışdığı obyektlər və ticarət mərkəzləri isə qapalıdır, polis nəzarətinə götürülüb”.