“Şaxtada həlak olan azərbaycanlı Səmədov Balağa Əlibala oğludur. Yoldaşları onu “Borya” deyə çağırırmışlar”. Bu barədə Lent.az-a “Vorkutauqol” ASC- nin mətbuat xidmətinin rəhbəri Yevgeni Suxarev bildirib.
Suxarevin dediyinə görə, şaxtada baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı 3 saylı mədənin 8 saylı sahəsində fəhlə işləyirmiş.
“Hələ ki onun yaxınları da bizə müraciət etməyiblər. “Vorkutauqol” bütün həlak olanlar kimi onun da dəfn xərclərini öz üzərinə götürüb. Cəsədin Azərbaycana göndərilməsini də biz həll edəcəyik. Bundan başqa digər həlak olanlar kimi onun da ailəsi 3 milyon rubl (təxminən 100 min dollar) kompensasiya alacaq. Səmədovun harada anadan olması, Vorkutada miqrant kimi necə çalışmasına isə hələ ki cavab verə bilmirəm” - deyə Suxarev bildirib.
*****
11.00
Yanvarın 11-də Rusiyada kömür şaxtasında baş verən partlayış zamanı ölənlərdən biri azərbaycanlıdır.
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən 18 nəfərdən 8-i Komidə dəfn ediləcək.
İki nəfərin cəsədi Krasnodar vilayətinə, iki nəfərin cəsədi Ukraynaya, bir nəfərin cəsədi isə Azərbaycana aparılacaq. Qalan şaxtaçıların cəsədləri isə Rusiyanın Kirov, Kostroma, Leninqrad, İvanovo və Belqorod vilayətlərinə göndəriləcək. Cəsədlərin göndərilməsi və dəfni xərclərini “Vorkutauqol” şirkəti öz üzərinə götürüb.
Qeyd edək ki, yanvarın 11-də saat 10:28 radələrində Komi Respublikasındakı “Vorkutinskaya” şaxtasında 800 m dərinlikdə partlayış baş verib. Nəticədə 18 nəfər ölüb.