Milliyyətçilər Moskvanın Lyublino rayonunda noyabrın 4-nə planlaşdırılan “Rus marşı”na 30 min insan cəlb etmək niyyətindədirlər, lakin hakimiyyət aksiya iştirakçılarının 15 mini keçməməsini tələb edir. APA-nın məlumatına görə, bu barədə “İnterfaks”a “Ruslar” İctimai Birliyinin lideri Dmitri Demuşkin bildirib.
“Moskvanın cənub-şərq dairəsinin prefekturası təkid edir ki, aksiyada 15 min insan iştirak etsin. Mən bununla razılaşmadım və prokurorluqdan ekstremist hərəkətlərinin yolverilməzliyi barədə xəbərdarlıq aldım” - deyə, Demuşkin bildirib.
Onun sözlərinə görə, o, təşkilatçı kimi, cərimələnsə belə insanların aksiyaya buraxılmamasına yol verməyəcək.