Terror təşkilatı Türkiyədən çıxan silahlı üzvlərini yenidən bu ölkəyə göndərəcək
PKK terror təşkilatının liderlərindən biri olan Cəmil Bayık Türkiyə dövlətini yenidən açıq şəkildə təhdid edib.
Lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, C.Bayık bildirib ki, rəsmi Ankara sülh prosesini yenidən başlatmasa, Türkiyədən geri çəkdikləri silahlı qüvvələrini bu ölkəyə göndərəcək və savaşı yenidən başladacaqlar: “Ya kürd hərəkatı ilə dərin və əhəmiyyətli müzakirəyə başlamağı qəbul edəcəklər, ya da Türkiyədə vətəndaş müharibəsi başlayacaq”.
C.Bayık yenidən müharibəyə başlamamaq üçün ilk şərtlərini də bəyan edib. O tələb edib ki, dərhal PKK lideri Abdullah Öcalanın həbsxana şəraiti yaxşılaşdırılsın, Türkiyənin qəbul ediləcək yeni konstitusiyasına kürdlərin hüquqları ilə bağlı dəyişikliklər ediləcəyinə qarantiya verilsin və sülhyaratma prosesində üçüncü bir tərəf qəbul edilsin: “Hökumət bu şərtlərimizi qəbul etməsə, Türkiyədən çıxardığımız silahlı qüvvələrimizi geri göndərəcəyik”.
PKK lideri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı kürdlərə boş ümidlər verməkdə ittiham edib.