ABŞ prezidenti Barak Obamanın İranın hökumət başçısı Həsən Ruhaniyə yazdığı məktubun mətni barədə daha çox ehtimallar irəli sürülür. Bununla belə məktubun məzmunu ilə bağlı bəzi detallar da sızdırılır.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Barak Obama İran prezidenti Həsən Ruhaniyə yazdığı məktubda Tehrana qarşı sanksiyaları aradan qaldıracağına boyun olub.
Bu barədə «New York Times» qəzeti Obama administrasiyasındakı adının açıqlanmasını istəməyən mənbəyə istinadən xəbər yayıb.
Məlumatda bildirilib ki, sanksiyalar İranın uyğun öhdəliklərə əməl etdiyi və beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda qeyri-müəyyənlikdən əl çəkəcəyi halda aradan götürülə bilər.
Obama administrasiyasındakı mənbə həmçinin qeyd edib ki, ABŞ prezidenti sanksiyaların qısa zamanda aradan qaldırılacağına dair vəd verməyib.
Obamanın məktubunun Ruhaniyə sentyabrın 3-də göndərildiyi bildirilib.