Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada Parlamenti İcmalar Palatasının Liberallar partiyasından olan üzvü Stefan Dion Azərbaycanın Kanadadakı səfirliyinə gələrək, səfir Fərid Şəfiyevlə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Stefan Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq-Qarabağa gəlib çıxdığını bildirib.
Bununla əlaqədar olaraq, o, heç bir halda Dağlıq-Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulayıb. O, Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirib. Bundan başqa, Stefan Dion Azərbaycan Səfirliyinə məktub ünvanlayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun prinsipləri əsasında sülh yolu ilə həllinə dəstəyini izhar edib və Kanada ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu ifadə edıb.