APA-nın Gürcüstan bürosunun məlumatına görə. müsəlmanlar qarşısında çıxış edən baş nazir Bidzina İvanişvili öz ürək sözlərini Cümə Məscidinə gələn müsəlmanlara bildirib: “Mən Gürcüstan müsəlmanlarını Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirəm. Bu bayram sevinc, ümid, imkansızlara yardım günüdür. Mən sizin sevincinizə qoşulur, arzu edirəm ki, bütöv Gürcüstanda sülh şəraitində yaşayasınız”, deyə B.İvanişvili bildirib.
Tədbirdə Gürcüstan Müsəlmanlarının şeyxi Vaqif Əkbərov, baş müfti Cemal Paksadze çıxış edərək baş nazir Bidzina İvanişviliyə Cümə Məscidinə gəlib müsəlmanları təbrik etdiyi üçün minnətdarlıqlarını bildiriblər. Tədbirdə Gürcüstanın baş naziri Bidzina İvanişviliyə müqəddəs Quran bağışlanıb.
Tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycan və Gürcüstan səfirləri, diplomatik korpus nümayəndələri, baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Gürcüstanda fəaliyyət göstərən müsəlman icmalarının rəhbərləri, din xadimləri, ruhanilər və ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Jurnalistlərə açıqlama verən baş nazir Bidzina İvanişvili bütün dünyada yaşayan müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik etmək istədiyini bildirib: “Mən ilk növbədə Gürcüstanda yaşayan müsəlmanları bu bayram münasibəti ilə təbrik edirəm, sonra Azərbaycan vətəndaşlarını və bütün dünya müsəlmanlarını təbrik edirəm. Bu gün xüsusi gündür. Bu gündə bütün hamı sevinir, bir-birini təbrik edir. Bu gün ümid günüdür, imkansızlara yardım günüdür, ümumiyyətlə bu böyük bayramdır. Mən də bu bayrama qoşulur və sizinlə birgə bu böyük bayramı qeyd etmək istəyirəm. Bir daha ürəkdən hamını təbrik edirəm”, deyə B. İvanişvili bildirib.