Türkiyə baş nazirinin müavini Bülənt Arınç İstanbulda Gəzinti Parkının dağıdılmasına etiraz edən insanlara qarşı polisin amansız müdaxiləsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, B. Arınç bildirib ki, insanlara qaz bombaları atmaq yerinə onlarla söhbət aparmaq və onları inandırmaq daha doğru olardı: “Ortaya çıxan görüntü çox pis görüntüdür, yanlışdır. Bu aksiyalar zamanı zərər çəkən və ətraf mühitin qorunması məsələsində həssas olan insanlarımız var. Onlar üçün üzüldüyümü söyləmək və onlara keçmiş olsun demək istəyirəm. Təəssüf ki, aralarına qatılan bir neçə provokatorun aksiyanı başqa istiqamətə yönləndirməsi nəticəsində istəmədiyimiz hadisələr baş verib”.
B. Arınç dağıdılacaq parkın yerində inşa olunması planlaşdırılan ticarət mərkəzinə oğlunun şərik olduğu haqda xəbərləri böhtan və iftira adlandırıb: “Bundan daha böyük bir iftira, bundan daha böyük bir əxlaqsızlıq olmaz. Mənim bir oğlum var və bir firmada çalışır. İkimizin maaşından başqa gəlirimiz yoxdur. Çox şükür, bununla iftixar edirik”.