“Pokrov” meyvə-tərəvəz bazasının sahiblərinin bizneslərini satmaq və Rusiyadan getmək niyyəti yoxdur”. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Pokrov” meyvə-tərvəz bazasının daxil olduğu “Noviye Çeryemuşki” QSC-nin fəxri prezidenti Maqomed Tolboev bildirib.
M.Tolboevin sözlərinə görə, nə rəhbərlik, nə də QSC-nin sahibləri Rusiyanı tərk etmək niyyətində deyillər: “Heç kəs getməyə hazırlaşmır. Hesab edirəm ki, meyvə-tərəvəz bazası ilə bağlı vəziyyət həll olunacaq və obyekt bağlanmayacaq. Ümid edirik ki, hər şey normal olacaq. “Rospotrebnodzor”un bizə qarşı qaldırdığı iddia ədalətli deyil. Neçə illərdir ki, bura fəaliyyət göstərir, hər şey normal idi. Müntəzəm olaraq yoxlamalar aparılırdı. QSC rəhbərliyi “Rospotrebnodzor”un meyvə-tərəvəz bazasının bağlanması ilə bağlı qərarından məhkəməyə şikayət vermək niyyətindədir”.
Qeyd edək ki, “Rospotrebnodzor” “Pokrov” meyvə-tərəvəz bazasını sanitar qaydalarının pozulması ilə əlaqədar bağlı elan edib və bazanın bağlanması barədə məhkəmədə iddia qaldırıb. Hazırda baza bağlıdır, fəaliyyət göstərmir.
Rusiya Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin isə “Noviye Çeryemuşki” QSC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar verildiyini bildirib. Bazanı icarə götürənlərə məhsulları çıxarmaq üçün iki gün vaxt verildiyini söyləyən V.Markin bazanın rəhbərliyinə qarşı cinayət işi açılması barədə məsələnin müzakirə olunduğunu bildirib.
Onu da qeyd edək ki, “Pokrov” meyvə-tərəvəz bazasının icarədarı və bazada çalışanların əksəriyyəti azərbaycanlıdır.
Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Moskva polisi Yeqor Şerbakovun qətlində 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zeynalovu şübhəli bilir.