“Qurdlar Vadisi” teleserialında canlandırdığı “Zaza” obrazı ilə məşhurlaşmış aktyor Əli Sürməli barədə həbs qərarı verilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əli Sürməli sabiq sevgilisi Sultan Ərtoğrula xəsarət yetirdiyi üçün məhkəməyə verilib.
İşə İstanbul XII Sülh Cəza Məhkəməsində baxılır. İlk məhkəmə iclası dünən keçirilib. Sultan Ərtoğrul deyib ki, “Matmazel Julie'den Esinti” adlı tamaşada ssenariyə uyğun olaraq aktyor tərəfdaşı ilə öpüşüb. Əli Sürməli tamaşaya baxdıqdan sonra zaldan çıxıb. Teatr tamaşasında oynayan aktyorlar və aktrisalar da təbrikləri qəbul etmək üçün teatr salonunun yerləşdiyi ticarət mərkəzindəki kafeyə keçiblər. Əli Sürməli burada Sultan Ərtoğrula hücum çəkib, ona yumruqla zərbə endirib, yumurta atıb.
Sultan Ərtoğrul da buna görə Əli Sürməlini məhkəməyə verib. Lakin Əli Sürməli dünən ilk məhkəmə iclasına gəlməyib. Məhkəmə də ifadəsinin alınması və dəlillərin müəyyən edilməsi üçün Əli Sürməlinin göründüyü yerdə həbs olunması barədə qərar çıxarıb.