153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
24 avqust 2026 14:14 (UTC +04:00)

153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı

0

“Batik Air” aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtədə 153 sərnişin və 6 ekipaj üzvü olmaqla ümumilikdə 159 nəfər olub.

Təyyarə təxminən 11 kilometr yüksəklikdə hərəkət edərkən kapitan ikinci pilotdan bir müddət dincəlmək üçün icazə istəyib və idarəetməni ona təhvil verib. Lakin bir müddət sonra ikinci pilot da yuxuya gedib.

Bildirilir ki, ikinci pilot uçuşdan əvvəl təxminən 53 saat istirahət müddətinə malik olsa da, yeni doğulmuş əkiz uşaqlarına qulluq etməsi və yaşayış yerini dəyişməsi səbəbindən kifayət qədər yata bilməyib.

Hər iki pilotun yatdığı müddətdə təyyarə avtopilotla uçmağa davam edib. Lakin təxminən 28 dəqiqə ərzində A320 nəzərdə tutulan marşrutdan tədricən kənara çıxıb. Hava hərəkəti dispetçerləri bu müddət ərzində ekipajla əlaqə yaratmağa çalışıblar.

Nəhayət, ikinci pilot oyanaraq dispetçerlərin çağırışına cavab verib. Pilotlar təyyarəni yenidən düzgün marşruta qaytarıb və uçuş təhlükəsiz şəkildə başa çatıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Maraqlıdır ki, həmin gün səhər hər iki pilot uçuşöncəsi tibbi yoxlamadan keçib və uçuşa yararlı hesab olunub. Belə yoxlamalarda ürək döyüntüsü, qan təzyiqi, görmə qabiliyyəti və bəzi xəstəliklər qiymətləndirilsə də, yuxusuzluq və güclü yorğunluğu dərhal müəyyənləşdirən sadə test mövcud deyil.

Hadisədən sonra aviasiyada pilotların yorğunluğunun idarə edilməsi, uçuşdan əvvəl yetərli istirahətin təmin olunması, xüsusilə gecə və səhər tezdən həyata keçirilən reyslər üçün daha sərt qaydaların tətbiqi məsələsi yenidən gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar