İsrail İranın “əlinə oynayır”? - ŞƏRH
23 may 2011 12:06 (UTC +04:00)

İsrail İranın “əlinə oynayır”? - ŞƏRH

Bu proses yalnız Fələstin xalqının gələcəyinə deyil, bölgədəki bir sıra rejimlərin aqibətinə də təsirsiz ötüşməyəcək. Özəlliklə, terrorçuluğu və ya qanunsuz silahlı qruplaşmaları dəstəkləyənlərin, o cümlədən İrandakı hakimiyyətin də taleyi müəyyən mənada Fələstinlə bağlıdır.

Bu baxımdan ötən həftənin ən maraqla izlənən olaylarından biri də İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri və ölkə prezidenti Barak Obama ilə görüşüdür.

2 saat 40 dəqiqə davam edən müzakirə zamanı yəhudi hökumətinin başçısı Ağ evin indiki yiyəsindən İsrail-Fələstin danışıqlarının indiki formatda Amerika tərəfindən dəstəklənməsini istəyib.

Görüşün sonunda B.Obama bildirib ki, müzakirə İsraillə Fələstin arasında barışın əldə olunması yollarının aranmasına həsr edilib: “İsrailin təhlükəsizlik haqqını, fələstinlilərin isə ərazi bütövlüyü hüququnu hamı qəbul edir. Dostlar arasında olduğu kimi, buna nail olmaq yolları ilə bağlı aramızda müəyyən fikri ayrılığı mövcuddur”.

Bununla yanaşı, B.Obama qeyd edib ki, HƏMAS terrorçu təşkilatı sülh danışıqlarında iştirak edə bilməz, eləcə də İsrailin varlığını qəbul etməyən bir qurumun danışıqlara qatılmasına Fələstin Muxtariyyatının rəhbərliyi aydınlıq gətirməlidir.

ABŞ prezidenti HƏMAS-ın müttəfiqi olan İran hakimiyyəti ilə bağlı da fikir söyləyib. Onun sözlərinə görə, Tehran nüvə silahına yiyələnmək imkanından məhrum edilməlidir.

B.Netanyahu cavab çıxışında bölgənin demokratikləşməsi ilə bağlı ABŞ prezidentinin istəklərini bölüşür: “İsrail barışa can atır. Fələstinlilər bilməlidir ki, biz güzəştə getməyə hazırıq. Ancaq 44 il əvvəl baş vermiş dəyişikliyə, 1967-ci il sərhədinə qayıtmayacağıq. HƏMAS-a gəlincə, biz İsrailin mövcudluğunu tanımayan, bin Ladeni məhv etdiyinə görə ABŞ-ı ittiham edənlərlə danışıq apara bilmərik. Ona görə də Mahmud Abbas (Fələstin Muxtariyyatının başçısı - S.S.) qərar verməlidir”.

Netanyahu qeyd edib ki, İsrailin təhlükəsizliyini təmin etmək fələstinli qaçqınların Fələstin dövləti daxilində həll edilməsi üçün SAXAL (İsrail ordusu - S.S.) İordan çayının sahilində yerləşməlidir: “1948-ci ildən (İsrail dövləti yaranandan - S.S.) sonra ərəb dövlətlərindən milyonlarla yəhudi qaçqının İsrail qəbul etdi. Onda ərəb dövlətləri fələstinli qaçqınları qəbuldan imtina etmişdi. Mən min illər boyu əzab verilən bir xalqın lideriyəm və səhv etməyə haqqım yoxdur. Ona görə də ola bilsin bizim ikinci dəfə belə bir şansımız olmasın”.

Yəhudi baş nazirin əttarından bildiriblər ki, Netanyahu ABŞ prezidentindən əvvəlki anlaşmaların təsdiqlənməsini tələb etmək niyyətindədir və həmin anlaşmalarda Ağ Ev İsraildən 1967-ci il sərhədinə qayıtmağı tələb etmir. Bundan başqa, İsrail lideri fələstinli qaçqınların İsrail ərazisinə qayıtması məsələsinin gündəlikdən çıxarılmasını da istəyib.

Ramallada Fələstin hökumətinin əlüstü toplantısı keçirilib. Fələstin Azadlıq Təşkilatının sədri Sahib Arikat deyib ki, Mahmud Abbas problemin hərtərəfli həlli üçün Barak Obamanın göstərdiyi səyi qiymətləndirir. Muxtariyyat hökumətinin təmsilçisi Nabil əbu Rudeyn isə mövqelərini ərəb dövlətlərinin liderləri ilə müzakirədən sonra açıqlayacaqlarını söyləyib.

HƏMAS təmsilçisi Sami əbu Zöhri Obamanın səylərini “gözə kül üfürmək” kimi dəyərləndirib. O, bildirib ki, ABŞ prezidenti fələstinlilərin haqqını müdafiə etməyə hazır olduğunu şüarla deyil, konkret fəaliyyəti ilə sübuta yetirməlidir.

“İslami cihad”ın nümayəndəsi Davud Şibabın qənaətincə, ABŞ prezidentinin çıxışı bir daha “köhnə siyasəti davam etdirməsinə” bir sübutdur və o, “fələstinlilərə illüziyalar sırıyır”.

Amma Netaniyahunun Obama ilə görüşündən öncə, Polşa, Fransa, Almaniya rəsmiləri danışıqların uzandığını vurğulamaqla yanaşı, İsrailin 1967-ci il sərhədinə qayıtması ilə bağlı Obamanın təklifini bəyəndiklərini söyləmişdilər. Bu mövqeyi Avropa Birliyinin ali komissarı Ketrin Eşton da dəstəkləyib.

Barak Obama görüşdən qabaq Afrikanın Şimalı və Orta Şərqlə bağlı çıxışında Fələstin-İsrail münaqişəsinə toxunaraq, demişdi: “İsraillə bizim dostluğumuz on illərlədir sınaqdan çıxıb. ABŞ İsraili dəstəkləyir. Ancaq biz gerçəyin gözünə dik baxmalıyıq. Yüz minlərlə fələstinli qaçqının hüquqsuz və yoxsulluq içində yaşaması ilə nəticələnən siyasəti İsrail davam etdirməməlidir. Demokratik yəhudi dövləti işğal olunmuş torpaqların hesabına gerçəkləşməməlidir. Davamlı və uzunmüddətli barış yalnız iki xalq üçün iki dövlətin yaranması şərti daxilində mümkündür – İsrail yəhudilər üçün, Fələstin fələstinlilər üçün. İsrail hərbi müdaxilə və terror hücumlarından özünü müdafiə etməklə yanaşı, 1967-ci il sərhədinə çəkilməlidir...”

Bu çıxışından sonra yəhudi donorlar Barak Obamanın seçkiqabağı kampaniyasına maliyyə yardımını itirəcəyini bildiriblər. “The Wall Street Journal”-ın yazdığına görə, Demokratlar Partiyasından olan Maykl Adler deyib ki, Obama İsraili həddindən artıq tənqid edib və seçkiqabağı kampaniya zamanı vəsait toplanmasında ona problem yaşada bilər”.

Xatırladaq ki, Fələstinin «Fəlakət Günü» ilə bağlı fələstinlilər qarşısında çıxışı zamanı M.Abbas əsas hədəfinin “fələstinlilərin vətənə qayıtması” olduğunu söyləmişdi.

2011-ci ilə olan məlumata əsasən, hazırda Suriya, Livan, Misir, İordaniya, ABŞ-da və Avropa ölkələrində 5,5 milyon fələstinli qaçqın yaşayır. İordan çayının qərb sahilində və Qəzza zolağında ümumi sahəsi 6220 min kv.km olan ərazidə də təxminən o sayda fələstinli var.

Müstəqilliyin tanınması ilə bağlı məsələyə münasibət bildirən Fələstin Muxtariyyatı İcraiyyə Komitəsinin üzvü Sahib Arikat deyib ki, 122 dövlət Fələstin dövlətini rəsmən tanımağa hazırdır. Onun sözlərinə görə, muxtariyyatın başçısı M.Abbas istefaya gedə bilər.

FƏTH-in liderlərindən biri Nabil Şaat isə bildirib ki, İordan çayının Qərb sahili, Qəzza zolağı, Şərqi Qüds ərazisində Fələstinin müstəqilliyinin tanınması istiqamətində BMT-yə təzyiqləri artırmaq niyyətindədirlər.

İsrail hökumət başçısının ABŞ prezidenti ilə görüşü bölgədə baş verənlər fonunda çətin uğurlu sayıla. Bu hal ilk növbədə İran İslam Respublikası hakimiyyətinin əlinə oynayır. Çünki İslam adı altında Fələstin və Livanda fəaliyyət göstərən terrorçu qrupları və yaraqlıları Tehran rejiminin dəstəklədiyi sirr deyil. İsraillə Fələstin anlaşdığı halda, İran hakimiyyəti və bu münaqişənin uzanmasında maraqlı olanların bölgədə fəaliyyəti üçün mövzu qalmır. Bu isə Afrikanın Şimalı və Orta Şərq dövlətlərinin yeni xarici siyasət yürütməsi ilə nəticələnə bilər. Onda İran hakimiyyəti nə işlə məşğul olacaq? Heç şübhəsiz, belə bir şərait yaranarsa, Tehran rejimi bölgədən çıxarılar, öz içinə çəkilər. Bu həm də İran hakimiyyətinin daxili siyasəti və siyasi-ideologiyasının zərbə alması ilə sonuclanar. Habelə ölkə əhalisinin milyonları Fələstin məsələsinə, Livan “Hizbullah”ına xərclənməz…

Odur ki, yəhudi siyasilərin bu mövqeyinin daha çox İran İslam Respublikasındakı hakimiyyətə xeyir verdiyi qənaətinə gələ bilərik. Bu baxımdan, İsrail hakimiyyətinin də “change” etməsinə, dəyişməsinə də ehtiyac var…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar