Libermandan ittiham və dəvət
06 yanvar 2011 15:41 (UTC +04:00)

Libermandan ittiham və dəvət

İsrailin xarici işlər naziri Aviqdor Liberman Türkiyə ilə münasibətləri düzəltmək istədiklərini bildirib və türk həmkarı Əhməd Davudoğluna görüşməyi təklif edib.

Lent.az-ın trt.net.tr saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Türkiyə ilə əlaqələrin gərginləşməsində böyük rolu olan Aviqdor Libermanın yazdığı yazısında ifadə etdiyi bu təklifi eyni zamanda Ankaraya minnət qoymaq xarakteri daşıyır.
Aviqdor Liberman Türkiyənin İsraildəki meşə yanğınlarının söndürülməsinə dəstək verməsinə toxunub və İsrailin də eyni durumda eyni şəkildə davrandığını qeyd edib: “Əhməd Davudoğlu hər halda 1999-cu ildəki zəlzələdə İsrailin dərhal 250 nəfərlik qrup göndərdiyini, səhra xəstəxanası qurduğunu və bir çox zərərçəkəni dağıntıların altından çıxardığını unudub, ya da xəbəri yoxdur”.

Aviqdor Liberman Mərmərə zəlzələsi zamanı digər beynəlxalq yardım qüvvələrinin geri döndüyünü, İsrail komandasının isə həftələrlə bölgədə qaldığını bildirib: “Bir daha təkrar edirəm ki, Karmel yanğınındakı dəstəyinə görə Türkiyə hökumətinə son dərəcə minnətdarıq. Əmin edirəm ki, Türkiyədə də bir fəlakət olacağı təqdirdə, mövcud siyasi atmosferdəki gərginliyə baxmayaraq, dərhal bütün əməkdaşlıq və yardım təkliflərimizi təkrarlamaqda tərəddüd etmərik”.

Karmel yanğınından sonra Əhməd Davudoğlunun əlaqələrin bərpası istiqamətində ümid verdiyini, ancaq Türkiyə hökumətinin İsraildə 800 türk işçiyə iş imkanı yaradan ticarət müqaviləsini yeniləməyi rədd etdiyini vurğulayan Aviqdor Liberman deyib: “Bir məna verə bilmədiyimiz bu qərar birtərəfli qaydada və xəbərdarlıq edilmədən qəbul edildi”.

İsrailin xarici işlər naziri Türkiyə hökumətini səmimiyyətsizlikdə ittiham edərək, “Mavi Mərmərə” gəmisinin İstanbuldakı qarşılanma mərasimində İsrailə qarşı nifrət və təhrikin davam etdiyini, rəsmi Ankaranın buna reaksiya vermədiyini vurğulayıb: “Bu, bizim təmkinli davranmamızı çətinləşdirir. Yumruqlanan qum torbası olmağa niyyətimiz yoxdur. Hər suveren dövlət kimi biz də bu təhqirlərə və pis davranışa reaksiya verəcəyik”.

Türkiyə ilə böhranın başlanğıc nöqtəsinin “Mavi Mərmərə” hadisəsi deyil, Davosdakı gərginlik olduğunu söyləyən Aviqdor Liberman Ankaranın İrana yaxınlaşdığını və son aylarda İsrailə qarşı təhrikləri artırdığını iddia edib: “İsrail Türkiyə ilə münasibətlərdə dəyişiklik axtarmır. Münasibətlərdəki birtərəfli dəyişiklik İsraildən qaynaqlanmır və Türkiyənin daxili siyasətinin nəticəsidir. Biz isə tam tərsinə, münasibətlərin Davosdan öncəki səviyyəyə dönməsini istəyirik və bunun iki ölkənin də mənafelərinə uyğun olduğunu düşünürük. Əgər Türkiyə hökuməti də İsrail ilə münasibətlərin normallaşmasını istəyirsə, bəhanələr axtarmaqdan və şərtlər saymaqdan vaz keçməlidir. İsrail Türkiyədə iyun ayında keçiriləcək seçkilər üçün təbliğat vasitəsi olmamalıdır. Biz Türkiyə ilə açıq və dürüst dialoq istəyirik. Həmkarım Əhməd Davudoğlunu Qüdsdə və ya iki ölkəni və bölgəni maraqlandıran hər məsələni müzakirə edə biləcəyimiz hər hansı başqa yerdə görüşməyə dəvət edirəm. Müttəfiqlər arasında fikir ayrılıqları ola bilər. Bir münasibətin həqiqi gücü bu anlaşmazlıqların necə ortadan qaldırılması ilə ortaya çıxar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar