Nobel mükafatlı “qüdrətli siçan” - HƏYAT HEKAYƏTİ
04 yanvar 2011 15:36 (UTC +04:00)

Nobel mükafatlı “qüdrətli siçan” - HƏYAT HEKAYƏTİ

O, Nobel mükafatına layiq görülməklə adını dünya TARİXinə əbədiyyən yazmış bir QADINDIR! Nobel mükafatına o, “öz ölkəsində və ondan kənarda sülh ideallarını yaratmaq təşəbbüsünə” görə layiq görülüb!
O, Nobel mükafatına layiq görülən ilk Amerikalı qadın kimi də adını TARİXə yazıb!
O, Amerika sosial reformizminin ilk xadimlərindən biridir!

O, 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti olmaqla, daha bir İLKə imza atıb!

O, 1915-ci ildə Dünya Qadınlar partiyasının sədri olub!

O, 1919-cu ildə sülh və azadlıq uğrunda təsis edilmiş Beynəlxalq Qadın Liqasının ilk prezidenti kimi də adını TARİXə yazmağa müvəffəq olub!
Amerika sosioloqu və filosofu, qadın haqları müdafiəçisi, pasifist hərəkatının liderlərindən biri olan bu böyük qadın və şəxsiyyət dünya tarixinə adın həm də «Hull-House»un yaradıcısı kimi yazıb!
Bu QADIN, bu böyük ŞƏXSİYYƏT idealları, əməlləri, gördüyü işlərlə ilə adını TARİXə yazmağı bacarmış, bir çox İLKlərə imza atmış və arxasınca işıqlı bir yol, cığır açmış, milyonların sevimlisi Laura Ceyn Adamsdır!
Jurnalist işlədiyim dövrlərdə ABŞ-a səfərim zamanı bu əfsanəvi qadının məzarını ziyarət etmək imkanı əldə etmişdim və həmin zaman bələdçim onun şəxsiyyəti və fəaliyyəti haqqında mənə çoxlu məlumatlar vermişdi. Sonra onun haqqında yazılmış kitablarla yanaşı, özünün əsərlərini də oxumaq və onu daha yaxından tanımaq imkanım oldu. Bu böyük QADINA, ŞƏXSİYYƏTƏ, LİDERƏ heyran qalmamaq mümkün deyil - elə mənim kimi… Zəngin həyat yolu, bütün çətinlik və əziyyətlərə baxmayaraq, sınmadan, sarsılmadan arzu və ideallarının arxasınca getmək, idealların uğrunda mübarizədən bir an belə olsun çəkilməmək, bəşəriyyət üçün, insanlıq üçün yorulmadan fədakarcasına çalışmaq, İLKlərə imza atmaq, yeni cığırlar açmaq və fədakarlığının əvəzində heç nə gözləməmək… Bu, Ceyn Adamsın həyat yolunun qısa bir özətidir…
Onun 1902-ci ildə yazdığı «Demokratiya və İctimai əxlaq» (Democracy and Social Ethics) əsəri hətta bu gün də öz aktuallığını qoruyub saxlayır. 1910-cu ildə yazdığı «Hull House-da iyirmi il» əsərində isə bu böyük QADININ, ŞƏXSİYYƏTİN və LİDERİN bəşəriyyətə və insanlığa xidmət edən fədakar ömür yolunu görmək olur… Onun böyük xidmətlərini dünya bu gün də ehtiramla xatırlayır və bu, sabah da belə olacaq… Onun həyatı və fəaliyyəti çoxlu sayda kitabların mövzusu olub, büst və heykəlləri qoyulub!

Sonralar həyat idealına çevrilən sevimli atanın sevimli qızı

1860-cı ildə ABŞ-ın İllinoys ştatında bölgənin zəngin ailələrindən biri olan Adamsların ailəsində bir qız dünyaya gəlir. Böyük bir ailənin 9 uşağından səkkizincisi olan bu qızcığaz öncə ailənin və yaxınlarının, sonra isə milyonların seçimlisinə çevriləcək Laura Ceyn Adams (Laura Jane Addams) idi! Onun atası Con Hyu Adams məşhur bankir və Respublikaçılar Partiyasından ştatın senatoru idi. Ceynin atası Avraam Linkolnun dostu idi və Amerika Vətəndaş müharibəsində zabit kimi döyüşmüşdü. Yəni Amerikanın gələcəyi üçün çalışan insanlardan biri idi! Ceynin anası Sara Veber isə alman kökənli idi. O, anasını çox erkən itirdi, həmin zaman onun cəmi 2 yaşı var idi. Həmin vaxtdan başlayaraq, qızcığaz, sonralar həyat idealına çevrilən atasına daha da çox bağlandı. Bir müddət sonra atası yenidən ailə həyatı qurdu. Onun ailə həyatı qurduğu qadının 2 övladı var idi və ailə daha da böyüdü. Amma Ceynin tərbiyəsi daha çox atasının nəzarətində idi. Con Hyu Adams ona işdə dözümlülük, filantropiyaya meyl və güclü etika aşılamışdı.

O, həyatdan çox şey istəyirdi

Ata qızının ali təhsil almaq arzusunu dəstəkləyirdi. Lakin bu arzu qadın incəliyinin və o vaxtlar yüksək təbəqəyə məxsus gənc qızların gözlədikləri ümidverici nikah və analıq hisslərinin itirilməsi hesabına edilməməli idi. Ceyn, 1877-ci ildə Rokford qızlar üçün missioner məktəbinə daxil olur və 1881-ci ildə məktəbi əla qiymətlərlə bitirir. Bir il sonra isə bakalavr dərəcəsi alır.
Onun güclü liderlik xüsusiyyətləri var idi. Ceynin sinif yoldaşları bu qeyri-adi qıza heyran qalır və onu özlərinə nümunə bilirdilər. Ceyn Rokfordda tədqiqatları bitirdikdən sonra təbabət üzrə dərəcə almaq qərarına gəlir. Adamsların evində bu seçim böyük narazılıqla qarşılanır. Valideynləri hesab edirdilər ki, o kifayət qədər təhsil alıb və artıq ailə qurmaq zamanıdır. Onlar Ceynin heç vaxt ailə həyatı qurmayacağından narahat idilər. Ailədəki bu fikirlər Ceyni çox məyus edir. O, həyatdan çox şey istəyirdi. Əgər qardaşları təbabət və elm sahəsində karyera qura bilmişdilərsə, o nə üçün buna nail olmamalı idi? Bundan başqa, Ceyn ev işlərini heç xoşlamırdı və uşaq böyütmək də ona maraqsız görünürdü. Valideynləri belə qərara gəlirlər ki, Ceyn dostları ilə birlikdə bir və ya iki illiyə Avropa turnesinə çıxsınlar. Onlar düşünürdülər ki, bu səfər Ceyni inadından döndərə bilər və ailə qurmaq haqqında düşünər. Lakin Ceyni sadəcə bir şey maraqlandırırdı - təhsilini davam etdirmək, karyera qurmaq və inkişaf etmək! 1881-ci ilin sonunda o, Filadelfiyada qızlar üçün tibb kollecinə daxil olur. Bu vaxt Ceyndə ağır xəstəlik əlamətləri özünü büruzə verməyə başlayır. Səhhətindəki problemlər səbəbindən orada cəmi bir neçə ay oxuya bilir. Geri döndüyü zaman atası vəfat edir. Bu, Ceyni daha da sarsıdır. O, atasının ölümündə özünü günahkar sayır, bu hadisənin onun inadı üzündən baş verdiyini güman edir. Amma əslində bu doğru deyildi və atasının ölümündə onun qərarı rol oynamamışdı. Buna baxmayaraq, Ceyn 8 il özünə gələ bilmir. Qəmginlik, gələcəyə ümidsizlik, üzüntülü xəstəliklər daim onu izləyirdi.
Xəstəliyi şiddətlənərək, onu əlillik dərəcəsinə çatdırır. O, hərəkət zamanı böyük ağrı hiss edir. Ceyndə bel sütununun əyriliyi olduğundan o, cərrahi əməliyyat keçirir və təxminən bir il yerindən tərpənə bilmir. Bu bir il ona düşünmək üçün vaxt verir!

«Hull House»nin yaradıcısı

Sağaldıqdan sonra - 1883-cü ildə o, dostu Elen Qeyts Starrla birgə Avropaya gedir. İngiltərədə olan zaman sosial sahədəki problemlər onun diqqətini daha çox çəkir. Beləliklə, o, müşahidə etdiyi hadisələri qələmə almağa başlayır. Həvəskar kimi yaradıcılıq yollarında ilk addımlarını atan Ceyn Addamsın ağlına belə gəlməzdi ki, onun yazdıqları bir müddət sonra dünyanın diqqət mərkəzində olacaq və o, milyonların sevimlisinə çevriləcək!

Ceyn Adams rəfiqəsi Ellen Qeyts Starrla Londonun East-End məhəlləsində Oksford universitetinin bir qrup tələbələrinin xidmət göstərdiyi «Toynbi-holl» sığınacağına baş çəkirlər. Onların işindən çox təsirlənərək, Adams və Starr ABŞ-a qayıdırlar və hər ikisi “həyatı həyatın özündən öyrənmək mümkün ola biləcək” yer tapmağa qərarı verərək, bu fikri reallaşdırmağa başlayırlar. Axtarışlar onları yoxsulların, kasıb mühacirlərin məskunlaşdığı bölgəyə – Çikaqonun 19-cu məhəlləsinə gətirib çıxarır. 1889-cu ilin sentyabr ayında rəfiqələr Çarlz Hullın evinə köçürlər və orada gələcəyin bir çox görkəmli islahatçılarının diqqətini çəkən eksperiment təşkil edirlər. Rəfiqəsi Ellen Starrla birlikdə Ceyn Addams 1889-cu ildə Çikaqonun ucqar yerlərindən birində “Hull Haus”u («Hull House») təsis edirlər! Bir neçə il ərzində Çikaqoda «Hull-House»da rəfiqəsi E.Starrla bərabər uşaq bağçası, kitabxana, gimnastika zalı, nəşr işləri emalatxanası, kommunal mətbəx, bədii studiya, əmək muzeyi, gənc işçi qadınlar üçün yataqxanalı məktəb qururlar. Burada onlarca klub, rəqs qrupları, musiqi məktəbi və hətta aktyor truppası yerləşirdi. Məhəllə sakinləri burada ingilis dili, kulinariya, dərzilik və ədəbiyyat dərsləri ala bilərdilər. Xarabalıqların minlərlə sakini müxtəlif zamanlarda «Hull-House»a baş çəkirdilər.

Sosial haqların qorunması uğrunda hərəkatın pioneri!

Çikaqonun varlı insansevərlərinin dəstəyi sayəsində «Hull-House»un imkanları xeyli artdı, artıq on üç binaya sahib olan Xeyriyyə Cəmiyyətinin fəaliyyəti maarifçilik, sosial və asudə vaxtda yaradıcılıq sahələrində nəzərəçarpacaq dərəcədə genişləndi. Amma mesenatların xeyriyyəçilik fəaliyyəti, bəzi hallarda Adamsın kasıbların vəziyyətinin siyasi yollarla yaxşılaşdırılması cəhdlərinə görə məhdudlaşdırılırdı. 1893-cü ildə fabriklərin təftişi haqqında ilk qanunun İllinoysda qəbul edilməsi üçün «Hull-House» az əmək sərf etmədi. Bu işin önündə isə Ceyn Adams gedirdi! Bundan cəmi ikicə il sonra isə «Hull-House»da, əhalisi sıx olan məhəllələrdəki müəssisələrin istismaredici iş sisteminin sosioloji icmalı və s. dərc olundu. «Hull-House»un təzyiqləri ilə ölkədə həddi-buluğa çatmamışların işləri üzrə məhkəmə yaradıldı! Böyük əmək, fədakarlıq, prinsipiallıq, inadkarlıq, cəsarət tələb edən bu hərəkatın önündə yenə də Ceyn Adams vardı! O, heç bir təzyiqin qarşısında geri çəkilmir, idealları, prinsipləri üçün yorulmadan çalışır və nəticələrə də nail olurdu. Artıq onun arxasında çoxlu sayda tərəfdarı da var idi. Onun fədakar fəaliyyətini qiymətləndirənlərin və dəstək göstərənlərin sayı artırdı…
O, bir çox tabuları sındırır, İLKlərə imza atırdı! Məsələn, qadın və uşaq əməyi, məcburi orta təhsil və sənayedə təhlükəsizlik texnikası haqqında qanunvericiliyin yaradılması üçün Adams öz nüfuzunu bacardığı qədər işə saldı! Başqa oxumuş qadınlar kimi o da lobbiçilik fəaliyyəti ilə məşğul olur, informasiya toplayaraq, statistikanı araşdıraraq, ictimai rəyə təsir edirdi.
“Qadınların mənəvi gücünün” seçkilərdə ifadə olunmasının gərəkliliyinə dərindən inanan Ceyn Adams, 1907-ci ildə Çikaqoda qadınların kişilərlə eyni seçki hüququna malik olması uğrunda “Sufrajistlər Siyasi Hərəkatı”nda yaxından iştirak etdi. O, 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti oldu! Ceyn Adams Budapeştdə keçirilən Qadın Seçki Hüququ Beynəlxalq ittifaqının qurultayında təmsilçi oldu. Onun fikrinə görə, təbiət qadınlara cəmiyyətin işində iştirak etmək üçün gərəkli hər şeyi verib və vətəndaşlıq hüquqlarını alaraq, qadınlar sosial problemlərin həllinə qat-qat çox töhfə verə bilərlər. Onların bu mübarizəsi, nəhayət, öz bəhrəsini verdi. 1919-cu ildə ABŞ-da qadınlara seçmək və seçilmək hüququ əldə etdilər və bu işdə onun əməyi çox böyük idi!
Mütərəqqi Partiya tərəfindən 1912-ci ildə qəbul edilən konvensiyadan sonra Ceyn Adams Teodor Ruzveltin namizədliyinə olan münasibətini dəyişdirərək, ona dəstək kampaniyasına başladı. Bununla belə, heç zaman ideallarının və prinsiplərinin əleyhinə getməyən Ceyn Adams Birinci Dünya müharibəsinin başlamasıyla pasifistlər (sülhçülər) hərəkatında fəal iştirak etməyə başladı!
1915-ci ilin yanvarında yenidən qurulan Dünya Qadınlar Partiyasının sədri seçildi! Bir neçə ay sonra Adams, Emili Qrin Bolç ilə birlikdə Haaqada keçirilən Beynəlxalq Qadınlar Konqresinin işində iştirak etdi. Həmin dövrdə neytral ölkələrin vasitəçiliyi ilə müharibə aparan ölkələr arasında sülh əldə edilməsi uğursuzluqla nəticələnmişdi.

Ruzveltin “qüdrətli siçan”ı

1917-ci ildə ABŞ da müharibəyə qoşulanda Adams özünün pasifist görüşlərinə xəyanət etmədi! O, səfərbərlik elan edilməsinə etiraz edirdi, müharibənin ən qızğın vaxtında alman mühacirlərinin müdafiəsi kampaniyasını təşkil edir, Almaniya qadınları və uşaqlarına ərzaq yardımı məqsədi ilə Q.Quverin rəhbərlik etdiyi Amerikan yardım idarəsi ilə əməkdaşlıq edirdi. 1920-ci ildə Ceyn Adams vətəndaş azadlıqları uğrunda Amerika ittifaqının qurucuları arasında idi! O zamanlar onun görüşlərini bölüşənlər az idi. Mətbuat Adamsı söyürdü, Ruzvelt ona “qüdrətli siçan” deyirdi, ədliyyə nazirliyi onu izləməyə başlamışdı. Təxribatçılıq fəaliyyəti və satqınlıqda təqsirləndirilən Adams, Amerika İnqilabı Qızlarının İttifaqından qovuldu, üstəlik ona qarşı kommunist görüşlərinin də olduğuna dair ittihamlar da irəli sürdülər. Lakin bunları onu sarsıda, sındıra bilmədi və o, ideallarından və prinsiplərindən geri çəkilmədi! Sülh uğrunda mübarizəsindən bir an da olsa vaz keçmədi!
Onun sülh tərəfdarlığı Avropadakı müharibənin bitməsi ilə sona çatmadı. 1915-ci il Haaqa konqresi, 1919-cu ildə sülh və azadlıq uğrunda Beynəlxalq Qadın Liqasının ortaya çıxmasına səbəb oldu. Ceyn Adams bu liqanın prezidenti seçildi! 1919-1929-cu illər ərzində sülh və azadlıq uğrunda Beynəlxalq Qadın Liqasının prezidenti vəzifəsini icra etdi! Liqa “konfliktlərin insanlar arasında həmrəylik, barışdırma və ümumbəşəri əməkdaşlıq sayəsində, cinsi, irqi, sinfi və dini fərqliliklərə baxmadan sosial, siyasi və iqtisadi ədalətin bərqərar edilməsi ilə həll olması” uğrunda çıxış edirdi.
1-ci Dünya müharibəsi dövründəki güclü təzyiqlərə baxmayaraq, Ceyn Adams insanlar arasında düşmənçiliyi ləğv etməyə çalışaraq, həmişə pasifist olmağa davam etdi! Qırmızıların müharibə isteriyası da Adamsın insan və vətəndaş hüquqlarını daha fəal müdafiə etməsinə mane ola bilmədi. Adamsın böyük xidmətləri arasında, dialoq və tərksilah üçün hökumətlərə təzyiq və təsir göstərmək cəhdləri də var idi. Adams üçün sülh, sadəcə, müharibənin olmaması deyildi, eyni zamanda insan həyatının şərti idi. Onun fikrinə görə, “qadınlar sahib olduqları xüsusi ilham ilə sülhün keşikçiliyi üçün yaradılmışlar”. O, “əsas insan hüquqlarının gerçəkləşdirilməsi üçün qadınların tarixi rolunu” dəfələrlə vurğulayırdı. Uzun illər bəhs etdiyi rolu gerçəkləşdirən Adams Amerikanın reformizm tarixində özündən sonra parlaq iz qoydu!

Dünyanın bütün sülhsevər qadınlarının həqiqi təmsilçisi

Ceyn Adams hesab edirdi ki, Mahatma Qandinin təbliğ etdiyi passiv müqavimət özlüyündə sülhü təmin edə bilməz, bunun üçün hökumətlərə mütəşəkkil təzyiq göstərmək lazımdır. Adamsın rəhbərliyi altında Beynəlxalq Qadın Liqası sülh müqavilələrinə baxılması yolu ilə hərbi təhlükələrin rədd edilməsi, hərbi mükəlləfiyyətdən imtina, ümumi tərksilah, təzminat ödəmələrinin dayandırılması yoluyla müharibə təhlükəsini ortadan qaldırmaq istəyirdi. Liqanın xəzinədar-katibi Emili Qrin Bolç ilə birlikdə Adams azlıqların hüquqlarının tanınması yoluyla demokratikləşməyə nail olaraq, Millətlər Liqasına təsir etməyə çalışırdı!
Ceyn Adams, 1929-cu ildə səhhətində yaranan problemlərlə bağlı Qadın Liqasını tərk etməyə məcbur olur. 1931-ci ildə isə Adams “dünyanın bütün sülhsevər qadınlarının həqiqi təmsilçisi” olaraq, Nobel Sülh mükafatına layiq görülür! O, Nobel mükafatına layiq görülən ilk amerikalı qadın olaraq adını TARİXə yazır! Ceyn Adams Nobel mükafatını Nikolas Mürrey Batler ilə bölüşdü. Təəssüf ki, xəstəliyi ona Nobel mükafatının təqdimat mərasimində iştirak etməyə imkan vermədi.
Bu böyük xeyriyyəçi qadın, dünyada «Settlement House Movement»-ın təsisçısı kimi də tanınır. Ceyn Addams həm də kasıbların qeydinə qalan fədakar insan kimi daim böyük sevgi ilə xatırlanır! O, həm də əmək islahatları (uşaq və qadınların əmək şəraitlərini idarə edən qanunlar) sahəsində təşəbbüskar və Rəngli Dərili Adamların Hərəkatı üzrə Milli Assosiasiyanın təsisçisi olmuşdur.
Adams ömrünü qadınlar arasında keçirdi. Onurğa xəstəliyinə görə onun uşağı olmamalı idi və Adams ərə getmədi. Dostları onu dostluq etməyi sevən və həssas insan kimi xatırlayırdılar, hərçənd, onun özünə qapanma meyli də var idi. Onu Ellen Qeyts Starr və Meri Rozet Smitə ən səmimi dostluq bağlayırdı. Ömrünün son illərini Adams daha çox Meri Smitin evində keçirdirdi. 1935-ci il mayın 21-də Bu böyük QADIN və ŞƏXSİYYƏT əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etdi və ABŞ – Sedervilldə kiçik bir qəbiristanlıqda dəfn edildi.
Ceyn Adams vəfat etsə də, onun əməlləri, fəaliyyəti ictimai həyatın humanitar sahəsinə güclü təsir göstərdi. «Hull-house»da görülən işlər həm mühacirlərin ögeyləşməsini və faciəvi vəziyyətlərini yumşaltdı, həm də hər yerdə belə müəssisələrin yaradılmasına nümunə oldu! Adamsın şəhər kənarlarında həyat şərtlərinin yaxşılaşdırılması uğrunda göstərdiyi səylər yeni sosial əməkdaş peşəsini yaratdı!
Artıq 75 ildir ki, o aramızda yoxdur. Əslində isə o, hər gün aramızdadır…Çünki onun dünyanın daha gözəl gələcəyi ilə bağlı arzu və idealları, mübarizəsi davam edir və onun başladığı yolla, açdığı cığırla bu gün milyonlarla insan, QADIN gedir və üstəlik, adını əbədi yazdığı TARİX onu unutmur, bu gün də, sabah da unudulmağa qoymayacaq. Çünki həyatını bəşəriyyət, insanlıq üçün fədakarcasına sərf edənlər heç zaman unudulmur! Ceyn Adams kimi!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1926

Oxşar yazılar