Şaxta Babaların qan qoxuyan oyunları
29 dekabr 2010 19:27 (UTC +04:00)

Şaxta Babaların qan qoxuyan oyunları

Bu dəfə mövzunu təkrar eləmək istəmirik və Santa Klausların yeni əməllərindən söz açmağa çalışacağıq. Özü də bu dəfə əvvəlki illərdə baş verən “Şaxta Baba əməliyyatları”ndan deyil, yeni - 2011-ci ili qarşılayan Şaxta Babaların əməllərindən söz açılacaq. Onu da xatırlatmaq istərdik ki, illər dəyişdiyi kimi, dünya inkişaf etdiyi kimi Santa Klauslar da inkişaf edir. Yeni-yeni variantlar düşünüb tapırlar.

Dünyanın dörd bir yanında müharibələrin getdiyi 2010-cu ilin son günləri müxtəlif ölkələrdə Şaxta Babaların hərbçilərlə konfliktlərinin yaşanması ilə yadda qaldığından son günlərin bu mövzuda hadisələrinə ekskursiya etməyə qərar verdik.

Santa Klausa qaz qumbarası atıldı

İlin son dekadasının ən maraqlı hadisəsi Ramallah yaxınlığında fələstinli “Santa klauslar”ın İsrail əsgərləri ilə qarşıdurması oldu. İsti Şərq ölkəsində Şaxta Babalarla qarşıdurmaya girən israilli əsgərlər xeyli əziyyət çəkməli oldu. Daşqalaqla üzləşən İsrail əsgərləri isə Santa klauslara qarşı gözyaşardıcı qaz qumbaralarından istifadə etməyə məcbur olub.

Əfqanıstanda xidmət edən amerikalı əsgərlərə isə 2011-ci ilin Santa Klausu heç də xeyir gətirməyib. Santa Klausun iştirakı ilə Pakistanla sərhəddə Badel mövqeyində Yeni İli qeyd edən amerikalı əsgərlər talibançıların hücumu ilə üzləşib. Qəfil hücumdan özlərini itirən iki amerikalı əsgər başlarındakı Şaxta Baba papağını çıxarmadan mövqelərinə çəkilərək döyüşməyə başlayıb. Həmin postda itki olmasa da Baidnami kəndində Şaxta Babalıq edən amerikalı əsgərlər arasında ölənin olduğu bildirilir.

Bununla bərabər, Əfqanıstandakı NATO əsgərləri Şaxta Babanın iştirakı ilə bayramlarını qeyd edirlər. Xarici KİV-lərin iştirakı ilə Baqram aerodromunda keçirilən tədbirdə Şaxta Baba qiyafəli əsgərlər yoldaşlarına hədiyyələr paylayıb.

Ötən həftə Stokholmda İsveç tarixində görünməyən hadisə baş verib. Şaxta Baba qiyafəli iki nəfər İsveç sarayını qoruyan əsgərin silahını əlindən alaraq qaçıb. Hazırda polis əsgərlərə hücum etmiş Şaxta Babanı axtarır. Hadisə ilə bağlı açıqlama verən sarayın mühafizə qrupunun rəhbəri, polkovnik-leytenant Riçard Bek-Friis bildirib ki, 30 illik hərbçi həyatında bu cür hadisə ilə ilk dəfədir qarşılaşır: “Hesab edirəm ki, mühafizəçiləri bu istiqamətdə daha çox öyrətməmiz lazımdır”.

Hərbi baza 55 ildir Şaxta Baba xidməti göstərir

Maraqlı olsa da ABŞ-da 55 ildir bir hərbi baza hər il Yeni İl ərəfəsində uşaqlara Şaxta Baba xidmətini göstərir. Belə ki, 1955-ci ildə bir şirkət KİV-də “Santa Klausa bu nömrədən zəng edə bilərsiniz” başlıqlı elanında səhvən Hərbi Hava Qüvvələrinin Peterson hərbi bazasının nömrəsini yayımlayıb. O zaman uşaqların bu telefon nömrəsinə zəng edib “Şaxta Baba haradadır?” sualını vermələri hərbçilərin marağı ilə qarşılanıb. Bundan sonra hər il hərbi baza yeni il ərəfəsində uşaqların Santa Klausla bağlı suallarını cavablandırmağa başlayıb. Bu il isə ABŞ-ın birinci ledisi Mişel Obama Havay adalarından telefonla hərbi bazaya bağlanaraq Santa Klaus üçün zəng edən uşaqların suallarını cavablandırıb. Uşaqlarla canlı bağlantıda 40 dəqiqə qalan birinci ledi tək Santa Klausun yeri ilə bağlı deyil, uşaqların özəl suallarını da cavablandırıb.
Xanım Obama uşaqlara bildirib ki, Santa Klausun bu ilki yolçuluğu uğurlu gedir. ABŞ radar və peyklər vasitəsi ilə Santa Klausu təqib edir.

Hərbi baza bu il uşaqların qəlbini qırmamaq üçün virtual bir metoda da əl atıb. “Google-earth” üzərində hərəkət edən Santa Klausun peyk vasitəsi ilə çəkilmiş simvolik görüntülərini yayımlayıb.

Görək sonrası nə olur.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2640

Oxşar yazılar