129
16:49
04 May 2018

Damla: "Heç bir uğurumda kişi imzası yoxdur" - VİDEO

Müğənni Damla Lent.az -a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

İfaçı müsahibəsinə yeniliklərindən söz açaraq başlayıb: “Qarşıdan “Son zəng” gəlir. Bu il ali və orta məktəbi bitirən şagirdlər, tələbələr var. Məzunlar üçün bir məzun mahnısı hazırlamışıq. Mayın 15-i həmin mahnını kliplə birgə təqdim edəcəyik. Hazırda hazırlıqlar gedir. Heç vaxt yaradıcılığımda belə ünvanlı mahnı olmayıb. Bu da mənim istəyim idi. Şükürlər olsun ki, reallaşdıra bildik”.

Müğənni tənqid olunmasından da danışıb: “Əslində bunun səbəbi məlumdur. Mən istəmirəm nə dinləyicilərin, nə də müğənnilərin xətrinə dəyim. Həyatda hər kəsin fikrinə hörmətlə yanaşıram. Kimsə Damlanı bəyənməyə, sevməyə bilər. Bu əsrlərdən bəri belə olub, bir ifaçını hər kəs bəyənə, dinləyə bilməz. Ona görə də hər zaman susuram”.

Damla ifa etdiyi janrın bayağı olmasını deyənlərə də cavab verib: “Bayağı sözünü mənim adıma çox yapışdırdılar. Amma heç kəs onun təhlilini vermir. Nəyə görə bayağı adlandırdıqlarını demirlər. Bir insan dediyi sözü əsaslandırmalıdır”.

Damla həmkarı Nadir Qafarzadənin söylədiyi “Damlanı dinləmirəm” sözlərinə isə bu cür reaksiya verib: “Mən Nadir bəyin fikrini o qədər xoşluqla qəbul etdim ki... Onun sözləri məndə aqresiya yaratmadı. Çünki o açıq sözlü insandır. Və hər zaman emosional müsahibələri ilə yadda qalır. Mən də onun xətrini dünyalar qədər çox istəyirəm. Bu insanın dürüst, eyni zamanda ürəkli açıqlamasını sevərək qəbul etdim. İnsan deyir ki, mən onu dinləmirəm. Səmimi cavab verib. Niyə bu məndə qıcıq yaratmalıdır ki? Məgər Damla hər kəsi dinləyir? İnsan olaraq məni çox istəyə bilər. Biz yol yoldaşı olmuşuq. Amma bu o demək deyil ki, Nadir bəy hökmən Damlanı dinləməlidir. Dinləmir, mən onun zövqündə deyiləm. O tamam fərqli janrlarda mahnı ifa edən müğənniləri bəyənir. Bu, normaldır. Amma mən heç bir zaman yekə-yekə danışa bilmərəm ki, kimisə dinləmirəm. Hər kəsə qulaq asıram. Yeni çıxan mahnıların hamısından xəbərim var. Özümdən böyük sənətçilərə hər zaman hörmətlə yanaşmışam”.

İfaçı bildirib ki, bu günə qədər sponsoru olmayıb: “Şükürlər olsun ki, o qədər də sıxıntı yaşayan deyiləm. İşimdən, əziyyətimdən özüm gəlir qazanıram. Qazancımın 70%-ni işimə xərcləyirəm. Bundan da zövq alıram. Sənətə gəldiyim ilk gündən bu günə qədər sponsorum olmayıb. Buna ailəm, dostlarım da şahiddir. Həyatımda o mövzularda çox şansız qadınam. Heç bir uğurumda kişi imzası yoxdur. Əvvəllər bununla qürur duyardım, amma indi deyirəm ki, bəlkə də zamanında mənə dəstək olan insan olsaydı, mən bu qədər də əziyyətlər çəkməzdim. Hansı ki, sağlamlığım gedib, əsəblərim pozulub. Çox yuxusuz gecələr keçirmişəm. Tam səmimi danışacam, məni sevən insanlar olub. Yanımda olmaq istəyiblər, sevgili olmaq istəyiblər, razı olmamışam. Həyatımda kimsə olsa da, mən ona deyə bilmərəm ki, mənə kömək et. Əziyyətlə qazandığıma görə, kiminsə puluna xor baxa bilmirəm”.

Damla şəxsi həyatından danışarkən bildirib ki, evlilik təklifi edənlər olsa da, hazırda sevdiyi şəxs yoxdur: “İndi sevdiyim insan yoxdur. Çünki mən filmlərdəki kimi sevirəm. Real həyatda belə sevgi yoxdur. Mənə evlilik təklifi edənlər də olub. Sadəcə mənim ruhumun insanı olmayıb. Yəni mən o insanla həyat yaşasaydım, onu da incidərdim, özümü də. Kiminsə haqqına girmək istəmirəm. Yalandan hamı görsün ki, mən ərə gedirəm, bu, mənlik deyil. Görüntü xatirinə həyat yaşamağı sevmirəm”.

Müğənni bildirib ki, onun kriteryalarına uyğun bir bəy olsa, ailə qurar: “Çox hökmlü, təbii ki, məndən ən azı 10 yaş böyük olmalıdır. Şou-biznesdə olan bir bəylə ailə qurmaram. Musiqiçi ilə ona görə ailə qurmaram ki, fikirlərimizdə təzad yaranar. O mənim mahnı seçimlərimə, geyimlərimə qarışar, Damlalıqdan çıxmış olaram. Və təbii, həyat yoldaşım nə desə, onun sözündən çıxmayacam. Onun sözü mənə qanun olacaq. Ondan sonra isə Damla abu-havası darmadağın olacaq. Ona görə də musiqiçi ilə ailə qurmaq istəmərəm. O demək deyil ki, mən şou nümayəndələrini bəyənmirəm. Onların arasında da gözəl ailələri olanlar var. “Atəş və su” filmini izləyənlər varsa, onlar biləcəklər ki, Damla hansı hökmdə bir bəy arzu edir. Elə bir bəy olsa, qismətimdə varsa, ailə qurmaq istəyərəm. Hələ kİ, evlilik deyə bir istəyim yoxdu. Amma ruhumun insanı, könlümün həmdəmi olsa, olar”.

İfaçı mülklərindən də danışıb: “İki evim var: bir ata yurdum, biri də öz adıma olan ev. Biri Sumqayıtdadı, biri də Bakıda. Ata evimiz mənə vəsiyyət olunub. On evi neynirəm? 1 övladım var, 4-5 ilə orta məktəbi bitirər, ali məktəbə daxil olar, Bakıya yanıma gələr. Mən onun üçün çalışıram. İndi bir maşınım var, birini də almaq istəyirəm. Çünki biz bölgə toylarında oluruq, yol bizi çox yorur. Bunun üçün iş maşını almalıyam. Allah qismət eləsin, alacam. Bu aralar başımı konsertlərə qatmışam, konsertlər bitsin, alacam”.

Damla onu da bildirib ki, hazırkı maşınını kreditlə alıb: “Zamanında mahnılar, kliplər həyata keçirmək üçün borca, kreditə də girmişəm. Faizə də pul götürmüşəm. Banka pul gecikmələrim də olub. Amma indi bir tək maşınım kreditdədir. O da avqust ayında bitəcək. Şükürlər olsun ki, indi qazancım yaxşıdır, öz qazancımı sənətimə qoyuram”.

Müğənni bildirib ki, zamanında falçı qəbulunda da olub: “Fala inandığım zamanlar da olub. Falçı yanına getmişəm. O demək deyil ki, mənim daimi inanclarımdandır. O gün rejissor Nail mənə deyir ki, müğənnilər söyləyirlər ki, Damlanın falçısı güclü olub. Sanki insana yol açan falçıdır. Deyirlər ki, Damla sevilir, Allah ona yol açıb. Siz Allahdan ədalətlisinizmi? Bütün qadınların həyatında bu olub. Falçının dedikləri yalan çıxdığı üçün daha falçı yanına getmədim. Ailədə anam namz qılır, bacım hicablı olduğuna görə dini inanclar təsir edib. Ruzumu Allah verir. Allahdan çoxmu ədalətlisiz? Qaldıran da Allahdır, endirən də. Yalnız susmaq lazımdı”.