Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb.
Lent.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb.
O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:
“Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məlumat yayıb - bu dövrdə 53 min ton quş əti istehsal olunub.
2025-ci ilin eyni dövründə bu rəqəm 51 min ton idi – yəni, istehsalda azalma yoxdur. Qiymət artımının isə bir neçə səbəbi var:
1) 2026-cı ilin əvvəlindən dizel yanacağı 10% bahalaşıb – bu da yem və hazır məhsul daşıma xərclərinə təsir edib;
2) Quş əti istehsalçılarının əlavə tənzimləmə qaydalarına, nəzarətedici qurumların fəaliyyətinə görə maliyyə yükü - xərci artıb;
3) Yem və dərmanların qiyməti yüksəlib;
4) Nəhayət ən vacib məsələlərdən biri – qirmızı ət, yəni, mal-qoyun əti kəskin bahalaşıb deyə, camaat daha ucuz olan toyuq əti almağa üstünlük verir, tələb yüksəlir, təklif isə istənilən templə artmır”, - iqtisadçı qeyd edib.