Evinizdə  istilik   yoxdursa,  bunu edin
18 noyabr 2026 14:52 (UTC +04:00)

Evinizdə istilik yoxdursa, bunu edin

0

İsveçdə qış aylarında istilik və elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı əhaliyə qeyri-adi tövsiyələr verilib. Mütəxəssislər soyuq havalarda bütün evi isitmək əvəzinə, ailə üzvlərinin bir otaqda toplaşmasını, yorğanlardan kiçik sığınacaq düzəltməsini və birlikdə yatmasını məsləhət görüblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qış aylarının sərt keçdiyi İsveçdə səlahiyyətli qurumlar əhalini mümkün elektrik və istilik kəsintilərinə əvvəlcədən hazırlaşmağa çağırırlar.

İsveç Enerji Agentliyi radiatorlar işləmədiyi halda evdə istilik itkisinin qarşısını almağa kömək edən sadə üsullar açıqlayıb.

Qonaq otağında yorğandan sığınacaq düzəldin

Agentliyin ən maraqlı tövsiyələrindən biri qonaq otağında qalın yorğanlardan kiçik sığınacaq hazırlamaqdır. Bunun üçün adi masanın üzərinə bir neçə qalın yorğan örtmək və parçaların masanın bütün tərəflərindən aşağı sallanmasını təmin etmək lazımdır.

Masanın altında yastıqlar və yataq kisələri yerləşdirməklə daha isti mühit yaratmaq mümkündür. Belə sığınacaq insan bədənindən ayrılan istiliyin böyük otağa yayılmasını müəyyən qədər məhdudlaşdırır və kiçik sahədə istiliyin daha uzun müddət saxlanmasına kömək edir.

Alternativ olaraq qonaq otağında düşərgə çadırı da qurmaq olar. Lakin mütəxəssislər vurğulayırlar ki, bu üsullar istilik sistemini əvəz etmir, yalnız müvəqqəti olaraq soyuqdan qorunmağa kömək edir.

Bütün ailə bir otaqda yatmalıdır

İsveç mütəxəssisləri istilik kəsildikdə evin bütün otaqlarından istifadə etməməyi də tövsiyə edirlər. Onların fikrincə, ailə üzvlərinin bir otaqda toplaşması bədən istiliyinin daha kiçik sahədə cəmlənməsinə imkan verir.

Bunun üçün qonaq otağı və ya digər münasib yer seçilərək isti geyimlər, yorğanlar və yataq kisələri həmin otağa gətirilməlidir. Ailə üzvlərinin birlikdə vaxt keçirməsi və eyni otaqda yatması soyuq şəraitdə daha rahat qalmağa kömək edə bilər.

Pəncərə və qapılardan gələn soyuğun qarşısını alın

İsveç Enerji Agentliyi evin tez soyumaması üçün pəncərə və qapıların istilik izolyasiyasına diqqət yetirməyi də məsləhət görür. Pəncərə örtüklərini bağlamaq, qapı və pəncərə boşluqlarının qarşısına qalın parça və ya yorğan asmaq istilik itkisini azalda bilər.

Bundan başqa, elektrik və istilik kəsintilərinə hazır olmaq üçün evdə əvvəlcədən qalın sviterlər, yun corablar, isti yorğanlar və yataq kisələri saxlamaq tövsiyə edilir. Otağın temperaturu aşağı düşdükdə bu əşyalar bədən istiliyinin qorunmasında mühüm rol oynaya bilər.

Soyuq havada otağı havalandırmaq lazımdırmı?

Mütəxəssislər bildirirlər ki, istilik sistemi işləməsə belə, otağın havalandırılmasından tamamilə imtina etmək düzgün deyil. Təmiz hava üçün pəncərələri qısa müddətə açmaq, daha sonra bağlamaq məsləhət görülür. Bu zaman otağın həddindən artıq soyumamasına diqqət yetirmək vacibdir.

Bununla yanaşı, yorğandan hazırlanan sığınacaqlarda hava dövranı təmin edilməli, xüsusilə azyaşlı uşaqların nəfəs almasına mane ola biləcək örtüklərdən istifadə edilməməlidir. Qapalı məkanlarda manqal, kömür sobası və açıq alovla isinmək isə dəm qazından zəhərlənmə və yanğın təhlükəsi yarada bilər.

İsveç mütəxəssislərinin fikrincə, əsas məqsəd istilik kəsilən zaman bütün evi isti saxlamağa çalışmaq deyil, mövcud istilikdən mümkün qədər səmərəli istifadə etməkdir. Sadə hazırlıq tədbirləri fövqəladə vəziyyətlərdə insanların soyuqdan daha yaxşı qorunmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar