Çox yatandan sonra  başımızın   ağrımasının  SƏBƏBİ
18 noyabr 2026 12:55 (UTC +04:00)

Çox yatandan sonra başımızın ağrımasının SƏBƏBİ

0

Uzun müddət yatmaq hər zaman orqanizmin daha yaxşı dincəlməsi demək deyil. Bəzən 10 saat və ya daha çox yuxudan sonra insan özünü yorğun hiss edir və baş ağrısı ilə oyanır. Mütəxəssislər bunun bir neçə səbəbi olduğunu bildirirlər.

Lent.az xarici mediaya itinadən xəbər verir ki, araşdırmalar həddindən artıq uzun yuxunun və yuxu rejiminin pozulmasının baş ağrısına səbəb ola biləcəyini göstərir. Bu hal xüsusilə miqrenə meyilli insanlarda daha çox müşahidə olunur. Bununla belə, 10 saat yatmaq hər kəs üçün problem hesab edilmir. Burada insanın adi yuxu müddəti, yuxunun keyfiyyəti və səhər baş ağrısı ilə yanaşı ortaya çıxan digər əlamətlər mühüm rol oynayır.

Uzun yuxudan sonra baş ağrısının səbəbləri

Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri orqanizmin bioloji saatının pozulmasıdır. Məsələn, hər gün səhər saat 7-də oyanmağa alışmış insan həftəsonu saat 10-a qədər yatdıqda bədənin öyrəşdiyi rejim dəyişir. Bu dəyişiklik bəzi insanlarda yuxunun tənzimlənməsinə və ağrıya həssaslığa təsir göstərə bilər. Nəticədə insan uzun müddət yatmasına baxmayaraq, baş ağrısı ilə oyana bilər.

Digər mümkün səbəb susuzlaşmadır. Yuxu zamanı insan uzun müddət su qəbul etmir. Əgər əvvəlki gün kifayət qədər maye içməyibsə, çox tərləyibsə və ya spirtli içki qəbul edibsə, səhər baş ağrısı ehtimalı arta bilər.

Bundan əlavə, səhər yeməyinin gecikdirilməsi, boyun və çiyin əzələlərinin gərginliyi, eləcə də gündəlik kofein qəbulunda dəyişikliklər baş ağrısına səbəb ola bilər. Məsələn, hər səhər müəyyən saatda qəhvə içməyə alışmış insan gec oyandıqda kofein qəbulunu gecikdirir. Bu isə bəzi hallarda baş ağrısını tətikləyə bilər.

Baş ağrısının qarşısını necə almaq olar?

Mütəxəssislər yuxu rejimini mümkün qədər sabit saxlamağı tövsiyə edirlər. Hətta istirahət günlərində belə, adi oyanma saatından çox uzaqlaşmamaq məsləhətdir. Əgər insan gecə yaxşı yatmayıbsa, gün ərzində açıq havada gəzmək və 20-30 dəqiqəlik qısa gündüz yuxusu ilə dincəlmək faydalı ola bilər. Gündüz saatlarında uzun müddət yatmaq tövsiyə edilmir. Çünki bu, orqanizmin təbii bioloji ritmini poza və gecə yuxuya getməyi çətinləşdirə bilər.

Nəticədə yuxusuzluq və baş ağrısı təkrarlana bilər. Eyni zamanda, həddindən artıq uzun gecə yuxusu da bəzi insanlarda oxşar problemlərə yol aça bilər. Mütəxəssislər kifayət qədər su içməyi, düzgün qidalanmağı və rahat yuxu şəraiti yaratmağı da məsləhət görürlər.

Baş ağrısı nə zaman təhlükəli ola bilər?

Həkimlər bildirirlər ki, baş ağrısı hər zaman sadəcə yorğunluq və ya uzunmüddətli yuxu ilə əlaqəli olmur. Xüsusilə güclü, döyünən və ya əvvəlkilərdən fərqlənən baş ağrıları bəzi nevroloji pozuntuların və digər xəstəliklərin əlaməti ola bilər. Baş ağrısı tez-tez təkrarlanırsa, getdikcə güclənirsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir.

Qəfil başlayan çox şiddətli baş ağrısı, görmə və nitq pozuntusu, yaxud bədənin bir tərəfində zəiflik olduqda isə təcili tibbi yardım tələb olunur. Mütəxəssislər vurğulayırlar ki, sağlam yuxunun əsas göstəricisi yalnız onun müddəti deyil, həm də keyfiyyəti və müntəzəmliyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar