Bu qəsəbədə  qadınların   100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
17 noyabr 2026 19:59 (UTC +04:00)

Bu qəsəbədə qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir

0

İtaliyanın Sardiniya adasındakı Bolotana qəsəbəsi qadınların uzunömürlülük göstəricisi ilə tədqiqatçıların diqqətini çəkib. Yeni araşdırmaya əsasən, burada 70 yaşına çatmış qadınların 100 yaşadək yaşamaq ehtimalı 13,83 faiz təşkil edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu göstərici İtaliya üzrə orta səviyyədən təxminən dörd dəfə yüksəkdir. Ölkədə 70 yaşdan sonra 100 yaşa çatmaq ehtimalı orta hesabla 3,5 faiz, ABŞ-də isə 3,6 faizdir.

Beş ildə 19 nəfər yüz yaşını qeyd edib

Araşdırmada bildirilir ki, 2021-2025-ci illərdə Bolotanada 19 nəfər 100 yaşını qeyd edib. Onlardan 14-ü qadın olub.

Alimlər onilliklərdir insanların daha çox 100 yaşa çatdığı “mavi zonalar”ın sirrini öyrənməyə çalışırlar. Belə ərazilərdən biri əvvəllər Sardiniyanın dağlıq hissəsində müəyyənləşdirilib. Həmin bölgədə uzunömürlü kişilərin yüksək payı diqqət çəkirdisə, Bolotanada qadınlar önə çıxır.

Uzunömürlülüyün səbəbi hələ məlum deyil

Nəşrin yazdığına görə, Bolotanadakı vəziyyət qidalanma, fiziki fəallıq, genetik xüsusiyyətlər və böyük şəhərlərlə müqayisədə daha sakit həyat tərzinin birgə təsiri ilə bağlı ola bilər. Lakin bu amillərdən hansının həlledici rol oynadığı müəyyənləşdirilməyib.

Məqalədə uzunömürlülüyün sirrinin təkcə dərmanlarda deyil, insanların gündəlik vərdişlərində və həyata yanaşmasında da ola biləcəyi ehtimalı irəli sürülür.

Bununla yanaşı, nəşr nəticələrə ehtiyatla yanaşmağa çağırır. Bildirilir ki, tədqiqat müəlliflərinin “mavi zonalar”ı araşdıran özəl layihələrlə əlaqələri var və belə ərazilərin aşkarlanmasında maddi maraqları ola bilər.

Bu səbəbdən Bolotananı indidən müstəsna uzunömürlülük ərazisi kimi təqdim etməyin tez olduğu vurğulanır.

“Mavi zonalar”la bağlı mübahisələr

Uzunömürlülük göstəricilərinin etibarlılığı elmi müzakirələrə də səbəb olur. Tədqiqatçı Sol Castin Nyuman bəzi “mavi zonalar”da yüksək yaş göstəricilərinin sənədlərdəki səhvlər, ölümlərin qeydə alınmaması və pensiya dələduzluğu ilə bağlı ola biləcəyini iddia edir.

Onun fikrincə, xüsusilə keçmişdə yaşamış bəzi uzunömürlü şəxslərin yaşını təsdiqləyən sənədlər yetərli deyil. Nyuman əhalinin qeydiyyatının zəif aparıldığı bölgələrdə bu rəqəmlərin dəqiqliyinin ayrıca yoxlanılmasının vacibliyini vurğulayır.

Bu iddialar Bolotana ilə bağlı nəticələrin yanlış olduğunu özlüyündə sübut etmir, lakin uzunömürlülük araşdırmalarında yaş məlumatlarının etibarlı sənədlərlə təsdiqlənməsinin əhəmiyyətini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 120

Oxşar yazılar