Aktyorlar və  çəkiliş yoxdur:   Süni intellekt  serialları   necə yaradılır və niyə populyarlaşır
17 noyabr 2026 17:19 (UTC +04:00)

Aktyorlar və çəkiliş yoxdur: Süni intellekt serialları necə yaradılır və niyə populyarlaşır

0

Sosial şəbəkələrdə yeni bir tendensiya sürətlə populyarlaşır. Artıq maraqlı serial hazırlamaq üçün peşəkar aktyorlara, bahalı çəkiliş avadanlıqlarına və böyük yaradıcı heyətə ehtiyac qalmır. Süni intellekt vasitəsilə yaradılan virtual qəhrəmanlar tamaşaçıları ekran qarşısına toplayır. Hətta izləyicilər real həyatda mövcud olmayan personajların taleyinə görə narahat olur, onların sevgi hekayələrini izləyir və yeni bölümləri səbirsizliklə gözləyirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Instagram" və "TikTok" platformalarında süni intellektlə hazırlanan qısametrajlı seriallar getdikcə daha çox maraq doğurur.

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yaşayan 23 yaşlı Aydana Kusainova süni intellekt vasitəsilə serial hazırlayanlardan biridir. İbtidai sinif şagirdlərinə repetitorluq edən gənc qadın əvvəlcə bu texnologiyadan dərslərində istifadə etməyə başlayıb. O, uşaqların oxuduqları hekayələri daha asan yadda saxlaması üçün mətnləri süni intellekt vasitəsilə canlandırmaq qərarına gəlib. Sonradan bu məşğuliyyət onun üçün əlavə qazanc mənbəyinə çevrilib.

Aydananın sözlərinə görə, serial hazırlamaq üçün bahalı texnikaya ehtiyac yoxdur. O, bütün işlərini adi smartfon vasitəsilə həyata keçirir. Gənc qadının hazırladığı seriallardan biri bir milyona yaxın baxış toplayıb. Aydana bildirib ki, bir bölümün hazırlanmasına təxminən iki saat vaxt sərf edir. Əvvəlcə ideya və ssenari müəyyənləşdirilir, daha sonra personajların görünüşü yaradılır, şəkillər hərəkətləndirilir, musiqi və səslər əlavə olunur. Maraqlıdır ki, o, serialın bütün bölümlərini əvvəlcədən hazırlamır. Hər yeni bölümdən sonra tamaşaçıların reaksiyasını izləyir və hadisələrin sonrakı inkişafını buna uyğun müəyyənləşdirir.

Aydananın hazırladığı “Görünməz” adlı süni intellekt cizgi serialı da diqqət çəkib. Serialın baş qəhrəmanı Aliya adlı gənc qızdır. Xarici görünüşünə görə özünə güvənməyən Aliya yaraşıqlı iş yoldaşı Armana aşiq olur. Arman da qızın sevgisinə qarşılıq verir. Lakin məlum olur ki, onun bu münasibətlə bağlı başqa planları var. Serialın necə başa çatacağını isə müəllif özü də hələ müəyyənləşdirməyib.

Qazaxıstanın Aktobe şəhərində yaşayan 32 yaşlı Altınay Qappanova da süni intellekt vasitəsilə seriallar hazırlayır. İngilis dili müəllimi olan və hazırda analıq məzuniyyətində iki övladını böyüdən qadın boş vaxtlarında bu sahə ilə məşğul olur.

Altınay seriallarını qazax dilində hazırlayır və əsasən ailə münasibətləri, sevgi və insan talelərindən bəhs edən mövzulara üstünlük verir. Onun “Әйелімді ауыстырамын” (“Arvadımı dəyişəcəyəm”) adlı serialı qeyri-adi süjeti ilə seçilir. Hadisələrə görə, bir kişi həyat yoldaşının baxımsız görünüşündən bezərək onu bazara aparır və daha gözəl qadınla dəyişmək istədiyini bildirir. Varlı bir gənc bu təkliflə razılaşır və qadının həyatını tamamilə dəyişir. Serialın sonluğu isə hələlik sirr saxlanılır.

Altınayın sözlərinə görə, süni intellekt seriallarının maraqlı tərəflərindən biri də izləyicilərin hadisələrin inkişafına təsir göstərə bilməsidir. Tamaşaçılar şərhlərdə qəhrəmanların taleyi ilə bağlı təkliflər yazırlar. Müəllif isə bəzən bu fikirləri nəzərə alaraq ssenaridə dəyişiklik edir. Altınay bildirib ki, artıq 20-dən çox insan ondan süni intellekt videolarının hazırlanmasını öyrənmək üçün kurs alıb. Bununla yanaşı, o, sifariş əsasında da videolar hazırlayır.

Süni intellekt texnologiyaları artıq bir nəfərin bütöv çəkiliş qrupunun gördüyü işlərin böyük hissəsini yerinə yetirməsinə imkan yaradır. Ssenari yazmaq, personaj yaratmaq, səhnələri canlandırmaq, səsləndirmə və montaj işlərini həyata keçirmək üçün müxtəlif süni intellekt proqramlarından istifadə olunur. Bununla belə, süni intellekt seriallarının müəllifləri ənənəvi kino sənayesi ilə rəqabət aparmaq niyyətində olmadıqlarını bildirirlər. Onların fikrincə, peşəkar aktyorların canlı ifasını və həqiqi emosiyalarını tamamilə əvəz etmək hələ mümkün deyil.

Ancaq bir məqam artıq aydındır: tamaşaçılar real həyatda mövcud olmayan qəhrəmanların sevincinə sevinir, kədərinə üzülür və onların hekayələrinin davamını gözləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar