Çinin dünyanın istənilən nöqtəsinə bir neçə dəqiqə ərzində zərbə endirmək qabiliyyətinə malik 40 ədəd "Shenlong" təkrar istifadə edilə bilən kosmik təyyarəyə sahib olduğu iddia edilir.
Lent.az "South China Morning Post"a istinadən xəbər verir ki, orbitdə yerləşən və Yerə enməyə hazır vəziyyətdə olan bu manevr qabiliyyətli kosmik aparatların trayektoriyasını operativ şəkildə dəyişmək və qısa müddətdə Yerə enmək imkanı Çinə sürətli qlobal zərbələr endirmək potensialı qazandırır.
Xatırladaq ki, oktyabr ayında ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi yük bölməsinin qapıları açıq olan naməlum kosmik obyektin fotosunu yayıb.
Ehtimallara görə, fotoda Çinin məxfi "Shenlong" kosmik təyyarəsi əks olunub. Bununla belə, nə Çin, nə də ABŞ tərəfi məsələ ilə bağlı hələlik ətraflı məlumat açıqlayıb.
"South China Morning Post"un materialında Çinin təkrar istifadə edilə bilən kosmik təyyarələr proqramına diqqət çəkilir. Lakin bu aparatların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə ətraflı məlumat verilmir.