ABŞ alimləri beynin yuxuya cavabdeh bölgələrinə ultrasəs dalğaları göndərən və insanın yuxu keyfiyyətini yaxşılaşdıra bilən yeni cihaz hazırlayıblar.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Texas Universitetinin Ostin kampusunda aparılan araşdırmaya istinadən məlumat yayıb.
“NEUSLeeP” adlı cihaz dəri üzərinə yapışdırılan yumşaq plastır formasındadır. O, zəif ultrasəs dalğalarından istifadə edərək beynin yuxu prosesləri ilə əlaqəli bölgələrini stimullaşdırır. Eyni zamanda cihazın elektrodları beyin fəaliyyətini izləyir.
28 nəfərin iştirak etdiyi ilkin sınaqda cihazdan istifadə edən şəxslər REM yuxusu mərhələsinə orta hesabla 43 dəqiqə daha tez keçiblər. Onların bu mərhələdə keçirdiyi müddət isə təxminən 16 dəqiqə artıb.
REM yuxusu yaddaşın möhkəmlənməsi və emosiyaların emalı ilə əlaqəli mərhələdir. Alimlər cihazın gələcəkdə yuxu pozuntularının müalicəsinə kömək edə biləcəyini düşünürlər. Lakin texnologiyanın geniş istifadəsi üçün əlavə klinik sınaqlar tələb olunur.