Bakıda ailə münaqişəsi zamanı atalığının göz nahiyəsinə çəkiclə zərbə vuraraq ona ağır xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə təqsirləndirilən Adəm İsgəndərovun epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusunun olmasını, həmçinin tərəflər arasında barışıq əldə edilməsini nəzərə alıb.
Hökmə əsasən, Adəm İsgəndərov 1 il sınaq müddəti müəyyən edilməklə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədəki çıxışında Adəm İsgəndərovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2026-cı il yanvarın 15-də Bakının Sabunçu rayonunda baş verib.
İttihama görə, Adəm İsgəndərov ailə münaqişəsi zəminində atalığı Ayəddin Muradovla mübahisə edib.
Mübahisə zamanı o, çəkiclə atalığının göz nahiyəsinə zərbə endirib. Nəticədə Ayəddin Muradovun sağlamlığına ağır zərər dəyib.
Faktla bağlı cinayət işi başlanılıb.
Adəm İsgəndərova Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə araşdırmasının yekununda isə təqsirləndirilən şəxsə şərti cəza verilib.