Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə yəqsirləndirilən "Retro Holding” MMC-nin baş mütəxəssisi vəzifəsində çalışmış Rüfət Səfiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah olunub.
Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verildiyini, növbəti prosesin 4 noyabra təyin olunduğunu elan edib.
Xatırladaq ki, "Retro Holding" MMC-nin baş mütəxəssisi vəzifəsində çalışmış Rüfət Qalib oğlu Səfiyev 1 milyon 500 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur. İş materiallarına əsasən, həmin pul xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulubmuş.
Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində araşdırılaraq Rüfət Səfiyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki,“Retro Holding” Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən diri heyvan idxalı üzrə fəaliyyət göstərir.