Ayın əvvəlində artıq 40 gündən çoxdur yolumuz işgəncəyə dönüb deyə yazmışdıq. Biz yazdıq. APA TV gedib bir neçə dəfə videomaterial hazırladı amma məsələ həll edilmir ki, edilmir...
Bu gün yenidən həmin yerdən keçdim. Daha doğrusu keçmək üçün 1 saata yaxın gözləməli olduq. “Müvəqqəti narahatlığa görə üzr istəyirik” löhvəsi də yerindən tərpənmir. Əbədi heykələ oxşayır. Lövhə yerində, hasar yerində, texnikada orda, amma bunlar bizə əlac olmur. O mənzərəyə baxanda yol təmirindən çox “texnikanın açıq havada nümayişi” fikri ağıla gəlir.
Bir tərəfdə asfaltqıran texnika, o biri tərəfdə ekskavator, ortada hasar, arxada isə işə tələsən insanlar. Hamı hər gün öz yerindədir. Bircə işin özü gözə dəymir.
Ən maraqlısı odur ki, bu ərazidə işləyənlər işləməyə gedənlərin yolunu bağlayıblar. Yəni özləri nə vaxtsa işi bitirəcəklər, amma biz hər gün işə çatmaq üçün əlavə vaxt, əlavə yol, əlavə səbir itiririk.
Bəlkə də, bu layihənin adı yol təmiri deyil, “vətəndaşın səbir ehtiyatının yoxlanılması”dır.
Sizə ordan foto da atıram. Sizcə o boyda iş orada görünən tək-tük işçi ilə yekunlaşa bilər?


