Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə vətəndaşları işə düzəltmək adı ilə onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sahil Həsənovun cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən şəxs Sahil Həsənovun 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.
Dövlət ittihamçısı təqsirləndirilən Sahil Həsənovun 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, təqsirləndirilən şəxs vətəndaşları müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verərək onlardan pul alıb.
Sahil Həsənova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb. İş üzrə 16 zərərçəkmiş var və ümumilikdə dəymiş ziyan 300 min manatdan artıqdır.