Futbolçu karyerası ərzində "topçular"la qızıl dubl qazansa da, karyerasını başa vurandan sonra hay-küylü cinayət qalmaqalları ilə də yadda qalıb
Noyabrın 17-də "Arsenal" və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Piter Stori 81 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, “topçular"ın mətbuat xidməti keçmiş futbolçunun ölümünü ailəsinə istinadən elan edib. Stori xəstəxanada, yaxınları yanında vəfat edib. Ölüm səbəbi qısamüddətli xəstəlik olub. Klub keçmiş oyunçunun ailəsinə və dostlarına başsağlığı verib və klubun Çempionlar Liqasında Dortmund "Borussiya”sı ilə ev oyunundan əvvəl onun xatirəsini yad edəcəyini açıqlayıb.
Storinin "Arsenal"dakı futbol karyerası 1961-ci ildə klubun akademiyasına qoşulması ilə başlayıb. Cəmi bir il sonra gənc oyunçu ilk peşəkar müqaviləsini imzalayıb və 1965-ci ilin oktyabrında "Lester" ilə oyunda əsas komandada debüt edib.
Yarımmüdafiəçinin ən uğurlu dövrü London klubunda olub. 12 mövsüm (1965-1977) ərzində o, Berti Minin komandasında əsas oyunçu olub və onlara bir sıra nüfuzlu kuboklar qazanmağa kömək edib.
1969/70 mövsümündə Stori "Arsenal"ı Yarmarkalar Kubokuna aparıb və növbəti il tarixi dublun iştirakçısı olub. 1970/71 mövsümündə "topçular" Birinci divizion çempionu olub və İngiltərə Kubokunu qazanıb. O, həmçinin üç daxili kubok finalında oynayıb, iki dəfə Liqa Kubokunu (1967/68 və 1968/69) və bir dəfə İngiltərə Kubokunu (1971/72) qazana bilməyib.

Piter Stori “Arsenal”ın əsas komandasında bütün yarışlarda 501 rəsmi oyun keçirib və 17 qol vurub. O, bütün zamanların “Arsenal” oyunçuları arasında oyun sayına görə səkkizinci yerdədir.
Beynəlxalq səviyyədə yarımmüdafiəçi 1971-ci ildən 1973-cü ilə qədər İngiltərəni təmsil edib. Bu müddət ərzində o, milli komandada 19 oyun keçirib, lakin heç bir böyük beynəlxalq turnirdə “üç aslan”ın heyətində meydana çıxmayıb.
Storinin "Arsenal"dakı son oyunu 1977-ci ilin yanvar ayında "Koventri Siti"yə qarşı olub. Daha sonra o, İkinci divizionda oynayan "Fulhem"ə keçib. Lakin, tərəfdaşlıq qısa müddətli olub: həmin ilin noyabr ayında, müqaviləsi ləğv edildikdən sonra o, peşəkar futboldan gedib.
Futboldan ayrıldıqdan sonra keçmiş oyunçunun həyatı tamamilə fərqli bir xarakter alıb. Stori dəfələrlə özünü cinayət araşdırmalarının mərkəzində tapıb və qanunla ciddi problemlər yaşayıb. 1979-cu ildə məhkəmə ona Londonda fahişəxana idarə etdiyinə görə şərti cəza verib.
1980-ci illərin əvvəllərində keçmiş futbolçu saxta qızıl sikkə sxemini maliyyələşdirmək və iştirak etməkdə ittiham olunaraq üç il həbs cəzasına məhkum edilib. 1990-cı ildə isə Stori yenidən həbsxanada düşüb, bu dəfə isə pornoqrafik videoları Böyük Britaniyaya qanunsuz olaraq idxal etməyə cəhd etdiyinə görə.