Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib. Məlumata görə, G.Mehdiyevanın anası 2006-cı ildə atasından ayrılıb və azyaşlı qızı atasının himayəsində qoyaraq, evdən çıxıb.
Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib. Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir. Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb.
Hadisə noyabrın 16-da günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzilində – ailənin məskunlaşdığı evdə baş verib. Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar.
***
10:38
Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Lent.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.
Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
17 noyabr
19:41
Bakıda qətl törədilib.
Lent.az-ın məlumatına görə, noyabrın 16-da saat 15 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.