“Xiaomi” şirkəti “Xiaomi 18 Pro” və “Xiaomi 18 Pro Max” smartfonlarını Parisdə keçirilən tədbirdə qlobal bazara təqdim edib.
Lent.az xəbər verir ki, şirkətin sentyabrın sonunda Çində təqdim etdiyi yeni flaqman modelləri ilk dəfə beynəlxalq bazarlara çıxarılıb. Smartfonlar arxa kamera moduluna inteqrasiya edilmiş əlavə sensor ekran və “Leica” imzalı ikili 200 meqapiksellik kamera sistemi ilə diqqət çəkir.
Arxa tərəfdə yerləşən rəngli sensor ekran vasitəsilə istifadəçilər əsas ekranı aktivləşdirmədən saatı və bildirişləri yoxlaya, həmçinin əsas kameradan istifadə edərək yüksək keyfiyyətli selfilər çəkə bilərlər. Bundan başqa, telefonlarda ekranın yan bucaqlardan görünməsini məhdudlaşdıran xüsusi məxfilik texnologiyası da mövcuddur.
6,4 düymlük “Xiaomi 18 Pro” “Snapdragon 8 Elite Gen 6”, 6,9 düymlük “Pro Max” isə daha güclü “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru ilə təchiz edilib.
Hər iki modelin arxa kamera sistemi 200 meqapiksellik əsas kamera, 3,2 dəfə optik yaxınlaşdırma imkanı verən 200 meqapiksellik periskop telefoto kamera və 50 meqapiksellik ultra genişbucaqlı kameradan ibarətdir. “Pro Max” modelindəki LOFIC texnologiyası isə zəif işıq şəraitində çəkiliş keyfiyyətini və dinamik diapazonu yaxşılaşdırır.
Smartfonların qlobal versiyalarında batareya tutumu Çin modelləri ilə müqayisədə azaldılıb. “Xiaomi 18 Pro” 6000 mAh, “Pro Max” isə 7050 mAh batareya ilə təchiz olunub. Hər iki model 50 Vt simsiz enerji doldurmanı dəstəkləyir. Simli sürətli enerji doldurma gücü müvafiq olaraq 100 və 100 Vt-dır.
Yeni smartfonlar “Android 17” əsaslı “HyperOS 4” əməliyyat sistemi ilə işləyir və altı il ərzində proqram yeniləmələri alacaq.
“Xiaomi 18 Pro”nun 12 GB RAM və 256 GB yaddaşa malik versiyasının Avropada qiyməti 1399 avro, 512 GB yaddaşlı versiyasının qiyməti isə 1599 avro təşkil edir. “Pro Max” modelinin müvafiq versiyaları 1599 və 1799 avroya satışa çıxarılıb.