Payız və qış aylarında yuyulan paltarlar və yataq dəstləri bəzən bir neçə günə quruyur. Bu da evdə rütubətin artmasına və xoşagəlməz qoxunun yaranmasına səbəb olur. Yağışlı havalarda və istilik sistemi kifayət qədər təsirli olmayanda problem daha çox hiss edilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, paltarqurudan asılqandan və rütubətquruducu cihazdan düzgün istifadə etməklə quruma prosesini sürətləndirmək mümkündür.
Qurutmağa paltaryuyan maşından başlayın
Paltarların tez quruması üçün yuma zamanı düzgün sıxma rejimi seçmək vacibdir. Parçanın qulluq qaydaları imkan verirsə, sıxma sürətini dəqiqədə 1000 dövr və ya daha yüksək səviyyəyə təyin etmək olar. Lazım gəldikdə əlavə sıxma rejimindən də istifadə etmək mümkündür.
Yuma bitən kimi paltarları maşından çıxarın, yaxşıca çırpın və qırışlarını açın. Yastıqüzü və dəsmal kimi kiçik əşyaları asılqanın yan və ya aşağı hissələrindən asın.
Yorğanüzünü asılqanın üzərinə necə sərmək lazımdır?
Böyük yorğanüzünü yarıya və ya bir neçə qat bükmək əvəzinə, asılqanın üst hissəsinə geniş şəkildə sərin. Beləliklə, onun altında çadıra bənzər boşluq yaranacaq. Bir tərəfdə havanın içəri daxil olması üçün kiçik açıq yer saxlayın.
Elektrikli rütubətquruducu cihazınız varsa, onu həmin açıq hissənin qarşısında, cihazın istifadə təlimatında göstərilən məsafəni qoruyaraq yerləşdirin. Quru hava axınını yorğanüzünün altındakı boşluğa yönəldin. Bu, parçadakı nəmin buxarlanmasını sürətləndirir, cihaz isə havadakı artıq rütubəti toplayır.
Adi döşəməüstü və ya masaüstü ventilyatordan da hava dövranını artırmaq üçün istifadə etmək olar. Lakin ventilyator rütubətquruducu kimi havadakı nəmi toplamır.
Quruma zamanı yorğanüzünü çevirin və ya asılqana toxunan qat yerini dəyişin. Yığmazdan əvvəl tikişlərin və künclərin tam quruduğunu yoxlayın. Nəm qalan yataq dəstini şkafa qoymaq xoşagəlməz qoxuya səbəb ola bilər.
Quru dəsmal üsulu
Əsas yuma proqramı bitdikdən sonra barabana böyük, quru xovlu dəsmal qoyub əlavə sıxma rejimini işə salmaq olar. Dəsmal yataq dəstindəki qalıq nəmin bir hissəsini özünə çəkərək sonrakı qurumanı asanlaşdıra bilər.
Təcili lazım olan geyimi isə parçanın qulluq qaydaları imkan verirsə, azca nəm halda ütüləmək olar. Daha sonra onu tam quruması üçün asmaq lazımdır.
Otağı havalandırın
Evdə rütubət artdıqda pəncərələri 3-5 dəqiqə tam açaraq otağın havasını dəyişmək tövsiyə olunur. Qısa müddətli havalandırma nəm havanın xaric olmasına kömək edir.
Paltarları birbaşa radiatorun üzərinə sərmək məsləhət görülmür. Bu, otaqda rütubəti artıra və bəzi parçaların sərtləşməsinə səbəb ola bilər. Asılqanı radiatordan təxminən 50-70 santimetr aralıda yerləşdirmək daha uyğundur.