Bakıda saxta iş elanı  verən HƏBS OLUNDU
03 oktyabr 2026 17:17 (UTC +04:00)

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

0

Bakıda özünə iş axtaran şəxs dələduzluğa məruz qalıb.

Lent.az xəbər verir ki, 34 yaşlı Tamerlan İbadov (şərti adla) məşhur saytların birində dələduzluq məqsədilə saxta iş elanı paylaşıb. Özünə iş axtaran Vüsal adlı şəxs həmin elanın ciddi olmasına inanıb və Tamerlanla əlaqə saxlayıb.

Tamerlan Vüsalı neft şirkətlərinin birində mühafizəçi işinə düzəldəcəyinə dair söz verib. Lakin bunun üçün zərərçəkəndən əvvəlcə sənədlər üçün 245, sonra isə guya ki, düzəldəcəyi mühafizəçi işinin geyim forması üçün 270 manat pul alıb. Bundan sonra da həmin gün ərzində əlavə olaraq Vüsalın 570 manatını da alıb. Amma Tamerlan söz verdiyi kimi, Vüsalın adından neft şirkətinə işlə bağlı müraciət etməyib, pulları isə öz şəxsi ehtiyaclarına sərf edib.

Aldandığını görən Vüsal hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Tamerlan İbadov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Zərərçəkən şəxs isə ifadəsində ona 1085 manat ziyan dəydiyini və Tamerlana qarşı şikayətçi olduğunu deyib. Zərərçəkənin sözlərinə görə, dəfələrlə təqsirləndirilən şəxsdən pulunu istəsə də, müxtəlif bəhanələrlə dəymiş zərəri geri qaytarılmayıb. Vüsal Tamerlana ən ağır cəzanın verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə T. İbadov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Araşdırma zamanı məlum olub ki, Tamerlan İbadov əvvəllər də dələduzluqda ittiham olunaraq Göyçay rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar