Alimlər onilliklərdir Yer nüvəsinin fırlanma sürətində baş verən dəyişiklikləri müşahidə edirlər. Məlum olub ki, planetin mantiyası ümumi impuls momentini qorumaq üçün bu dəyişiklikləri kompensasiya edir.
Lent.az xəbər verir ki, yer kürəsinin öz oxu ətrafında fırlanması sabit proses kimi qəbul edilir və bir sutkanın 24 saat olduğu düşünülür. Lakin müasir elmi araşdırmalar göstərir ki, sutkanın uzunluğu əslində tam sabit deyil. O, mütəmadi olaraq millisaniyənin çox kiçik hissələri qədər dəyişir. Beynəlxalq alimlər qrupu uzun illərdir cavabsız qalan bir suala aydınlıq gətirib: Yerin dərin qatları planetin fırlanma sürətinə necə təsir edir?
Nüvə və mantiyanın qravitasiya qarşılıqlı təsiri
Geofiziklər təxminən 30 ildir bilirlər ki, Yerin maye xarici nüvəsi onilliklər ərzində müəyyən dövrlərdə fırlanmasını sürətləndirir və ya yavaşıdır. Planetin ümumi impuls momentinin dəyişməməsi üçün mantiya bu prosesləri kompensasiya etməli olur və öz fırlanma sürətini müəyyən qədər dəyişir. Bu isə birbaşa Yer sutkasının uzunluğuna təsir göstərir. Uzun müddət alimləri düşündürən əsas məsələ bu təsirin planetin dərin qatları arasında hansı mexanizmlə ötürülməsi idi. Maye nüvə ilə mantiya arasındakı adi sürtünmə qüvvəsinin müşahidə olunan dəyişiklikləri izah etmək üçün kifayət etmədiyi müəyyən olunub. Araşdırmalar göstərib ki, əsas rol qravitasiya qarşılıqlı təsirinə məxsusdur.
Alimlərin qənaətinə görə, Yerin bərk daxili nüvəsi planetin digər hissələrindən bir qədər fərqli sürətlə fırlanır. Bu isə nüvə ilə mantiyadakı sıxlıq fərqləri arasında kiçik yerdəyişmələr yaradır. Nüvə daha tarazlı mövqe tutmağa çalışdıqca qravitasiya qüvvələri planetin müxtəlif qatlarına təsir göstərir. Bu davamlı qarşılıqlı təsir mantiyaya ötürülən fırlanma momenti yaradır və nəticədə sutkanın uzunluğunda cihazlarla ölçülə bilən çox kiçik dəyişikliklər baş verir.
Sutkanın uzunluğuna başqa nələr təsir edir?
Yerin fırlanma sürətindəki dəyişikliklər təkcə planetin daxilində gedən proseslərlə bağlı deyil. Atmosfer kütlələrinin mövsümi hərəkəti, okean cərəyanları, buzlaqların geniş miqyasda əriməsi və güclü zəlzələlər də planet üzrə kütlənin paylanmasını dəyişdirir. Bu isə Yerin ətalət momentinə və nəticədə fırlanma sürətinə təsir göstərə bilir. Bununla belə, alimlər uzunmüddətli və fundamental dəyişikliklərin əsas səbəblərindən birinin planetin daxilində, xüsusilə bərk daxili nüvə ilə mantiya arasındakı qravitasiya qarşılıqlı təsirində olduğunu bildirirlər.
Yeni kəşf geofizikada uzun müddət açıq qalan məsələlərdən birini izah etməyə və Yer kürəsinin uzunmüddətli dinamikasını daha dəqiq modelləşdirməyə imkan verə bilər. Beləliklə, gündəlik həyatda hiss etməsək də, Yer üzündə hər sutkanın uzunluğu tam olaraq eyni deyil.