Qəbələdə toyda zəhərlənənlərin  sayı 55-ə çatdı - YENİLƏNİB
16 avqust 2024 12:24 (UTC +04:00)

Qəbələdə toyda zəhərlənənlərin sayı 55-ə çatdı - YENİLƏNİB

Avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***

11:21

TƏBİB Qəbələdə toyda zəhərlənmə ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, avqustun 15-ə saat 19:00-dan başlayaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

***
10:15

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayon ərazisində fəaliyyət göstərən "Çinar" şadlıq evində qeydə alınıb.

Həmin şadlıq evində keçirilən toyda 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

Məlumata görə, əvvəlcə 46 nəfər, sonradan 6 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

Qəbələdə baş verən zəhərlənmə hadisəsinin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar