UNUDULAN MƏMURLAR : 5 dil bilən sabiq baş nazir 1500 manat pensiya alır
09 avqust 2021 12:00 (UTC +04:00)

UNUDULAN MƏMURLAR: 5 dil bilən sabiq baş nazir 1500 manat pensiya alır

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.

Layihəmizdə bu dəfə Azərbaycan Respublikasının 9-cu baş naziri Novruz Məmmədovdan bəhs edəcəyik.

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib.

1 iyun 2017-ci il tarixindən 21 aprel 2018-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak edib.

21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı və nəvələri var. Məlumata görə, hazırda fransız dilindən tərcümələrlə məşğuldu. Sabiq baş nazir Novruz Məmmədov 1500 manat pensiya alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19869
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar