Silah mağazası açdı, nazir oldu, atası azadlıq arzulamadı - UNUDULAN MƏMURLAR
06 may 2022 18:00 (UTC +04:00)

Silah mağazası açdı, nazir oldu, atası azadlıq arzulamadı - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq baş naziri Səlim Müslümovdan bəhs edəcəyik. 

Müslümov Səlim Yanvar oğlu 1 noyabr 1961-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib. Sonradan Moskva Dövlət Universitetində aspirantura təhsili alıb. 

Sabiq nazir 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək  Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 

O, 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 

S. Müslümov 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 

2000-ci ilin martında isə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. Həmin ilin 17 dekabrında isə Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyinat alıb.

2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində “Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. 

O, iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

Müslümova 2002-ci ildə gömrük general-mayoru xüsusi rütbəsi verilib.  22 oktyabr 2013-cü ildə  isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Sabiq nazir 2021-ci ilin fevralında korrupsiya faktlarına görə həbs edilib. 

Onu da qeyd edək ki, bu, Səlim Müslümovun ilk həbsi deyil. Onun adı maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham ediliblər. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından (indiki Kapital Bank) milyonlarla vəsaitin “yoxa” çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin dönəmdə saxlanılan Müslümov altı aydan sonra azadlığa buraxılıb.

Mətbuatda gedən yazılara görə, Səlim Müslümovun silah mağazası da olub. 

Səlim Müslümov həbsə düşdükdən sonra onun atası Yanvar Müslümov onun barəsində belə deyib:

“Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun, başqa heç nə istəmirəm”.

Ailəlidir, 3 övladı var. Rus və ingilis dillərində sərbəst danışır. O, hazırda həbsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10767
avatar

Aytəkin Cəlali

Oxşar yazılar