Ramin Bayramlı
05 avqust 2022 18:30 (UTC +04:00)

Ramin Bayramlı

COVID-lə populyarlaşdı, villasının qurbanı oldu - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıdan bəhs edəcəyik.

Ramin Bayramlı 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olub. O, orta təhsilini Şəmkir rayonunun Çənlibel kəndində alıb. 

Sabiq sədr Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirib. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 

O, İstanbul və Kocaeli universitetlərində elmi tədqiqatlar aparıb. 2009-cu ildə isə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib.

Ramin Bayramlı Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, həmin kafedranın assistenti, baş müəllimi işləyib. Daha sonra isə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, həmin klinikanın baş həkimi, Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb. 

Sabiq sədr 2013-2016-cı illərdə işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub. 

Ramin Bayramlı 2019-cu ilin dekabr ayında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilib. 2021-ci ildə isə vəzifəsindən istefa edib. 

O, tələbəlik illərində (1998–2001) ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsi gənclər təşkilatının sədri kimi universitetin ictimai həyatında fəal iştirak edib. Tələbəlik illərində ATU-nun mətbu orqanı olan “Təbib qəzeti”ndə dövri olaraq şerləri və məqalələri çap olunub. 

Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin (TMİİB) təsisçilərindən biri, 2009 və 2013-cü illərdə TMİİB-in Bakı şəhərində təşkil etdiyi genişmiqyaslı beynəlxalq konqreslərin elmi katibidir. Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir. 

Sabiq sədr həmçinin Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan 1-ci Beynəlxalq Hematologiya Mütəxəssisləri” Konqresinin elmi katibi olub. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi bir sıra layihələrin icrasında iştirak edib.

Sabiq sədr 2007-ci ildə “Ətrafların odlu silah yaralarının mikrobioloji xarakteristikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2013-cü ildən bu günə kimi ATU-nun dosenti kimi fəaliyyətini davam etdirir. 

Ramin Bayramlı villa tikdirməsiylə medianın gündəmində olub. Belə ki, sosial şəbəkələrdə Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsilə bağlı məlumatlar yayılıb.

İddia olunurdu ki, TƏBİB rəhbəri torpağın sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot ərazi alıb. R. Bayramlının tez-tez əraziyə gələrək tikintinin gedişatı ilə maraqlandığı qeyd olunur. Eyni zamanda, “Referans” klinikasının da ona məxsus olması barədə məlumatlar dərc olunub. Qeyd edək ki, TƏBİB isə bu iddiaları yalanlamışdı.

Ramin Bayramlı 100-dən çox elmi məqalənin, 1 metodik tövsiyələrin, “Klinik Laborator Diaqnostika” adlı dərs vəsaitinin və “Tibbi Mikrobiologiya, İmmunologiya və Klinik mikrobiologiya” adlı dərsliyin müəllifidir.

Dövlət İmtahan Mərkəzinin ekspertidir. Ailəlidir, 4 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12912
avatar

Aytəkin Cəlali

Oxşar yazılar