4-cü sinifdə aşiq olub evlənən kənd müəllimi necə səfir oldu?  -  UNUDULAN MƏMURLAR
28 fevral 2022 19:00 (UTC +04:00)

4-cü sinifdə aşiq olub evlənən kənd müəllimi necə səfir oldu? - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovdan bəhs edəcəyik. 

Orucov Hidayət Xuduş oğlu 5 sentyabr 1944-cü ildə Zəngəzur rayonunun Maralzəmi kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 

Orucov Hidayət bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi (müxbir) işləyib. 

O, 1968-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub və 16 il orada fəaliyyət göstərib. 

1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini, sonra baş isə redaktoru vəzifələrində işləyib. 

Hidayət Orucov 1992-1993-cü illərdə prezidentin millətlərarası münasibətlər üzrə müşaviri olub. Daha sonra isə Azərbaycanın milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib. 
2005-2006-cı illərdə o, Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri kimi çalışıb. 

25 iyul 2006-cı ildə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilən Orucov 31 may 2012-ci ildə həmin vəzifədən azad edilib.

Ona 27 dekabr 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün də Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 6 oktyabr 2021-ci ildə isə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Uşaqlığından danışan Orucov deyib:

“Quzu otarmaqdan da, fəhlə işləməkdən də, ot biçməkdən də təsirlənmişəm. Daha geniş mənada götürəndə o təbiət, tarixi incilər, hadisələr, canlı insanlar - hamısı mənim mən olmağıma səbəbdi. Amma hamıdan, hər şeydən daha çox məni anam heyrətləndirib. Ağlıyla,  hadisələrə düzgün qiymət verməyi ilə, həm ata, həm ana olmağı bacarmağıyla. Anam hələ də mənə sehr, sirr kimi qalır. Savadsız bir insanda o qədər informasiya, düşüncə, dərinlik hardanıydı?! Atamı itirəndə heç birinci sinfə də getmirdim. O, bir yuxu kimi yadımda qalıb. Hətta bədii əsərlərimin birində yazmışam ki, kaş möcüzə baş verə, biz görüşək. Görəsən, mən onu tanıyaram? Əminəm ki, o tanıyar”.


Hidayət Orucov müsahibələrinin birində həyat yoldaşı ilə necə tanış olmağından danışıb:
“Dördüncü sinifdə oxuyurduq. 13 yaşım təzəcə tamam olmuşdu. 9 yaşımda birinci sinfə getmişəm axı… Xoşuma gəldi. Amma bunu ona onuncu sinifdə oxuyanda dedim. Məmnuniyyətlə qəbul elədi. Hiss eləmişdi. Bilirdi ki, ona marağım var. Ona görə də deyəndə müəyyən qədər hazır idi”. 

Sabiq sədr ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, türk xalqlarının deportasiyasına həsr olunan 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. 

Onun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub. O həm də əməkdar incəsənət xadimidir və 
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ailəlidir, üç övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16731
avatar

Aytəkin Cəlali

Oxşar yazılar