Səyahət üçün ən ucuz  3 ölkə
10 iyul 2026 13:15 (UTC +04:00)

Səyahət üçün ən ucuz 3 ölkə

0

Yay mövsümündə səyahətlərə tələbat artsa da, Avropanın bəzi məşhur kurort istiqamətlərində istirahət paketlərinin qiyməti gözlənilmədən ucuzlaşıb. Səyahət mütəxəssisləri bildirirlər ki, hazırda tətil planlaşdırmaq üçün ən sərfəli ölkələrdən üçü Bolqarıstan, Monteneqro və Türkiyədir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ölkələrdə yeddi günlük paket turların qiymətində nəzərəçarpacaq endirimlər qeydə alınıb.

Bolqarıstan ən böyük endirim edən ölkələrdən biridir

Qara dəniz sahillərindəki qızılı çimərlikləri və dağ mənzərələri ilə tanınan Bolqarıstanda yeddi günlük paket turların qiyməti orta hesabla 60 funt sterlinq ucuzlaşıb.

Ölkə münasib qiymətləri ilə seçilir. Burada çimərlik istirahəti ilə yanaşı, tarixi və mədəni məkanları da ziyarət etmək mümkündür.

Turistlərə paytaxt Sofiyada yerləşən Aleksandr Nevski kafedralı, Vitoşa piyada küçəsi, eləcə də 8 min ildən artıq tarixə malik qədim Plovdiv şəhərini görmək tövsiyə edilir.

Monteneqro da daha əlçatan olub

Mütəxəssislərin araşdırmasına əsasən, "Balkanların incisi" adlandırılan Monteneqroda da qiymətlər orta hesabla 53 funt sterlinq aşağı düşüb.

Adriatik dənizi sahilləri, sakit kurort şəhərləri və təmiz milli parkları ilə seçilən ölkə tez-tez Xorvatiyaya alternativ kimi göstərilir.

Turistlər üçün əsas görməli yerlərdən biri UNESCO Dünya İrsi siyahısına daxil edilən Kotor körfəzidir. Bundan başqa, Durmitor Milli Parkı buzlaq gölləri, şam meşələri və dağ zirvələri ilə təbiət həvəskarlarının ən çox seçdiyi məkanlardan biridir.

Türkiyədə də qiymətlər enib

Türkiyədə də yeddi günlük istirahət paketlərinin qiyməti orta hesabla 35 funt sterlinq azalıb.

Avropa ilə Asiyanın qovşağında yerləşən ölkə zəngin mədəniyyəti, tarixi memarlıq nümunələri, rəngarəng bazarları və mətbəxi ilə milyonlarla turisti cəlb edir.

Ən populyar istiqamətlər sırasında İstanbul xüsusi yer tutur. Burada Ayasofya məbədi, Sultanəhməd (Göy) məscidi və Topqapı sarayı turistlərin ən çox ziyarət etdiyi məkanlardandır.

Kapadokya isə qeyri-adi qaya relyefi və günəş doğarkən səmaya qalxan yüzlərlə hava şarı ilə dünyanın ən məşhur turizm bölgələrindən biri hesab olunur.

Mütəxəssisdən tətil planlaşdıranlara tövsiyə

Səyahət eksperti Gevin Brüerin sözlərinə görə, yay aylarında bütün istiqamətlər üzrə qiymətlər artmayıb və sərfəli təkliflər hələ də mövcuddur.

Onun fikrincə, büdcəyə uyğun tətil axtaranlar əvvəlcə nə qədər vəsait xərcləmək istədiklərini müəyyənləşdirməli, daha sonra həmin büdcəyə uyğun paket turları müqayisə etməlidirlər. Bu yanaşma daha sərfəli istirahət seçimi tapmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar