“Samsung” illər əvvəl istehsal etdiyi bəzi smartfon modelləri üçün gözlənilmədən yeni proqram təminatı yeniləməsi təqdim edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeniləmə “Samsung Galaxy S8” və “Galaxy Note 8” istifadəçiləri üçün əlçatan olub.
Mütəxəssislər şirkətin bu addımını qeyri-adi qiymətləndiriblər. Belə ki, “Galaxy S8” 2017-ci ilin aprelində, “Galaxy Note 8” isə həmin ilin sentyabrında satışa çıxarılıb. Yəni hər iki modelin artıq təxminən 9 yaşı var.
Adətən bu qədər köhnə smartfonlara göndərilən yeniləmələr sonradan aşkarlanmış təhlükəsizlik boşluqlarını aradan qaldırmağa xidmət edir. Lakin yeni proqram təminatının açıqlamasında təhlükəsizlik yeniləməsi barədə məlumat verilməyib. Bildirilib ki, təxminən 420 MB həcmində olan yeniləmə cihazların işinin daha stabil olmasını təmin etməlidir.
Qeyd olunur ki, “Galaxy S8” üçün son təhlükəsizlik yeniləməsi 2021-ci ilin aprelində, “Galaxy Note 8” üçün isə 2021-ci ilin avqustunda təqdim edilmişdi.
İstifadəçilər smartfonlarının parametrlərində proqram təminatının yenilənməsi bölməsinə daxil olaraq yeni versiyanın onların cihazı üçün əlçatan olub-olmadığını yoxlaya bilərlər.