Təhsil naziri Mikayıl Cabbarov təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlının vəfatı ilə bağlı başsağlığı verib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstanın Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir.
Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olub və bu sahədəki problemlərlə bağlı geniş araşdırma aparılıb. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə. Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınıb.
Allah rəhmət eləsin!