“Vaxtilə bu xəstəlikdən əziyyət çəkənlər 10-15, 18-20, 25-26 yaşa çatmadan ölürdüsə, son zamanlar onların yaşam əmsalı artıb”
“Sağlam talassemiya daşıyıcıları üçün uzun müddət davam edən infeksion proseslər problem yaradır”
“Talassemiya irsi qan xəstəliyidir. Bu xəstəliyin klinik təzahürü iki talassemiya daşıyıcısının nikahından dünyaya gələn uşaqlarda özünü göstərir. Tam əminliklə deyirəm ki, talassemiya genetik faciədir. Bu faciə ilə mübarizə aparmaq üçün bütün qüvvələr səfərbər olunub”.
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan həkim-hematoloq, Respublika Talassemiya Mərkəzinin əməkdaşı Zaur Məmmədbəyov deyib.
Zaur Məmmədbəyov insanların talassemiya sözündən qorxduqlarını, bunu faciə kimi qəbul etdiklərini deyib: “Hətta talassemiya daşıyıcılarını belə xəstə hesab edirlər. Əslində isə talassemiya daşıyıcılığı xəstəlik deyil, genetik durumdur. Onlara xəstə kimi yanaşmaq doğru deyil. Onların normal insanlardan çox zaman fərqləri olmur. Amma bəzi talassemiya daşıyıcılarında qanın ümumi analizi zamanı qan azlığı müşahidə oluna, dəmir, vitamin çatışmazlığı aşkarlana bilər. Amma hamı bilməlidir ki, talassemiya geninin daşıyıcısı xəstə olmaq demək deyil. Böyük beta və aralıq formalı talassemiyası olanlar xəstə sayılır. Böyük formada mütəmadi, ara formada vaxtaşırı qan tələb olunur. Qan köçürülməsindən başqa onların ömür boyu müalicəyə də ehtiyacları olur”.
Z. Məmmədbəyov deyib ki, sağlam talassemiya daşıyıcıları üçün uzun müddət davam edən infeksion proseslər problem yarada bilər: “Xroniki, kəskin infeksiyalar onlara müəyyən mənada problem yaradır. Çünki bu insanlarda hemoqlobin çox zaman aşağı olur. Bu isə bəzi hallarda müəyyən orqanlarda qanın parçalanması ilə nəticələnir. Belə insanlar çalışıb infeksiyalardan qorunmalıdırlar”.
Həkim-hematoloqun sözlərinə görə, talassemiya daşıyıcılığından talassemiya xəstəliyinə keçid olmur: “Klinik praktikada cərrahi əməliyyat keçirəndən, infeksion xəstəlikdən sonra daşıyıcıların bəzən qana ehtiyacları olur. Amma buna çox az hallarda təsadüf edilir”.
Mütəxəssis bildirib ki, əvvəllər talassemiya xəstələrinin bir çoxu 10-15, 18-20, 25-26 yaşlarına çatmadan dünyalarını dəyişsələr də, son zamanlar talassemiya xəstələrinin ömrü uzanıb: “Yaşam əmsalı, ömür uzunluğu artıb. Bu gün talassemiyanın ən ağır formasından əziyyət çəkən ən yaşlı xəstəmiz 38-40 yaşındadır. Amma ara formalı xəstələr arasında 56-58 yaşlı bir neçə şəxs var. Vaxtilə qan komponentləri, eyni zamanda onların vurulması üçün lazım olan avadanlıqlar çox çətinliklə tapılırdı. Görülən tədbirlər nəticəsində, ən əsası Respublika Talassemiya Mərkəzi yaradılandan, talassemiya ilə bağlı dövlət proqramları işləyəndən sonra müalicə tədbirlərinin effektivliyi artıb. Bu gün hətta qan köçürülməsindən asılı olan talassemiya xəstələrinin simasından xəstə olduqlarını sezmək çox çətin olur. Halbuki əvvəllər talassemiya xəstələri çox zəif olurdu, xarici görünüş etibarilə başqa insanlardan seçilirdilər. Artıq xəstələrin 30-40 faizində xəstəliyin əlaməti hiss olunmur.
Digər tərəfdən, atılan addımlardan sonra minlərlə insanın daşıyıcı olduğu aşkarlandı. Çox yaxşı haldır ki, artıq insanlar müəyyən qədər maarifləniblər və özləri müayinəyə gəlirlər. Yaxın qohumlar arasında, nəsildə talassemiya xəstəsi, daşıyıcısı varsa, bəzi insanlar nikahdan əvvəl mərkəzə müayinəyə gəlirlər. Halbuki əvvəllər belə deyildi. Amma vətəndaşlarımızın daha da maariflənməsinə ehtiyac var”.
Z. Məmmədbəyov deyib ki, talassemiya xəstələri sağlam insanla evləndiyi halda bu nikahdan xəstə yox, talassemiya geni daşıyan uşaqlar dünyaya gəlir.
Onun sözlərinə görə, talassemiyalı qadınların ana olması riskli olsa da, artıq Azərbaycanda belə təcrübə var: “Bir neçə belə xəstəmiz var. Bu il bir neçə qadın xəstəmiz dünyaya uşaq gətirib”.
Mütəxəssis, talassemiya xəstələrinin sayının qohum evliliklər nəticəsində artması barədə deyilənlərlə razılaşmadığını vurğulayıb: “Talassemiya xəstələri qohum evliliyindən yox, iki daşıyıcısının nikahından doğulur. Yəni nikaha girən iki daşıyıcı qohum olsa da, olmasa da xəstə uşaq dünyaya gəlir”.
Zaur Məmmədbəyov vurğulayıb ki, hazırda bütün dünyada talassemiyanın ağır formasının müalicəsinin radikal üsulu sağlam insandan xəstə insana ilik transplantasiyasının həyata keçirilməsidir. Ancaq transplantasiyanın aparılması üçün bir çox şərtlər var, xəstə və ona sümük iliyi verən şəxs həmin şərtlərə cavab versə, o zaman əməliyyatı icra etmək olar: “Əsas şərt onlar arasında toxuma uyğunluğunun olmasıdır. Digər vacib şərt isə xəstədə yaranmış fəsadların nəzərə alınmasıdır”...